Texnologiya Özəl

Azərbaycanda süni intellektə 10 illik güzəşt gəlir — Açıqlama

Azərbaycanda süni intellektə 10 illik güzəşt gəlir — Açıqlama

Milli Məclisdə birinci oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, süni intellekt, rəqəmsal texnologiyalar və innovasiya sahəsində fəaliyyət göstərən şirkət və fərdi sahibkarların idxal etdiyi müəyyən texnika, avadanlıq, material və xammalın 10 il müddətinə gömrük rüsumundan azad edilməsi nəzərdə tutulur. Dəyişiklik ölkədə yüksək texnologiyalar ekosisteminin inkişafını sürətləndirməyə yönəlmiş addım kimi qiymətləndirilir.

Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov Demokrat.az-a bildirib ki, Milli Məclisdə birinci oxunuşda qəbul edilən qanun layihələrindən biri süni intellekt, rəqəmsal texnologiyalar və innovasiya sahələrində fəaliyyət göstərən şirkətlərin, eləcə də fərdi sahibkarların idxal etdiyi müəyyən texnika, avadanlıq, material və xammalın 10 il müddətinə gömrük rüsumundan azad edilməsini nəzərdə tutur:

Azərbaycanda süni intellektə 10 illik güzəşt gəlir — Açıqlama

“Bu, ölkənin innovasiya siyasəti baxımından mühüm təşviq aləti ola bilər. Sözügedən təşəbbüsün müsbət nəticələr verəcəyini və innovasiya mühitinin inkişafına stimul yaradacağını düşünürəm. İqtisadi baxımdan bu qərarın əsas üstünlüyü texnologiya şirkətlərinin ilkin investisiya xərclərinin, yəni fəaliyyətlərinin maya dəyərinin azalmasıdır. Süni intellekt, məlumat emalı və rəqəmsal xidmətlər sahəsində fəaliyyət göstərən müəssisələr üçün serverlər, yüksək məhsuldarlıqlı hesablama sistemləri və digər texnoloji infrastruktur kifayət qədər bahalıdır. Bu avadanlıqların üzərinə gömrük rüsumları da əlavə olunduqda şirkətlərin maliyyə yükü daha da artır. Gömrük güzəştləri isə həmin avadanlıqların əldə edilməsini daha əlçatan edəcək və yeni investisiyaların rentabelliyini yüksəldəcək”.

O qeyd edib ki, Azərbaycan hökuməti bu məsələnin strateji əhəmiyyətini dərk edir:

“Təsadüfi deyil ki, bu istiqamətdə Rəqəmsal Şura yaradılıb. Rəqəmsal transformasiya qarşıdakı 5–10 il ərzində ölkələrin inkişafını müəyyən edəcək əsas amillərdən biridir. Bu keçidi uğurla həyata keçirən dövlətlər gələcəkdə daha güclü iqtisadi mövqeyə sahib olacaqlar, geridə qalanlar isə rəqabət qabiliyyətini itirəcəklər. Bu təşviq xarici investorlar üçün də müsbət siqnal sayıla bilər. Texnologiya layihələrinin yerləşdirilməsi zamanı investorlar fiskal güzəştlərə xüsusi önəm verirlər. Uzunmüddətli, yəni 10 illik güzəşt müddəti biznes üçün proqnozlaşdırıla bilən mühit formalaşdırır və Azərbaycanın regional texnologiya investisiyaları uğrunda rəqabət qabiliyyətini artırır.

Digər mühüm təsir isə startap ekosisteminə olacaq. Erkən mərhələdə fəaliyyət göstərən innovativ şirkətlər adətən maliyyə resurslarının məhdudluğu ilə üzləşirlər. Avadanlıq idxalının ucuzlaşması onların bazara çıxış imkanlarını genişləndirəcək, yeni məhsul və xidmətlərin hazırlanmasını sürətləndirəcək, eyni zamanda daha geniş avadanlıq və xammal seçimi yaradacaq”.

O bildirib ki, yalnız gömrük güzəştləri innovasiya iqtisadiyyatının formalaşdırılması üçün kifayət deyil:

“Effektiv nəticə əldə etmək üçün bu addımlar risk kapitalı bazarının inkişafı, elmi-tədqiqat fəaliyyətinin maliyyələşdirilməsi, universitet–biznes əməkdaşlığının gücləndirilməsi, rəqəmsal bacarıqların artırılması və süni intellekt sahəsində ixtisaslı kadr hazırlığı ilə tamamlanmalıdır. Bu istiqamətləri bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Eyni zamanda, güzəştlərin tətbiqində şəffaflıq və effektiv nəzarət mexanizmləri də mühüm əhəmiyyət daşıyır. Aydın meyarlar müəyyən edilməzsə, bəzi şirkətlərin güzəştlərdən təyinatı üzrə istifadə etməməsi və ya sui-istifadə halları yarana bilər. Buna görə də güzəştlərin yalnız həqiqətən innovasiya və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən subyektlərə şamil olunması təmin edilməlidir.

Ümumiyyətlə, ölkəmizdə qanunyaratma prosesində bəzən bazar təsirlərinin kifayət qədər təhlil olunmadığını müşahidə edirik. Qanun qəbul edilir, lakin onun bazarda hansı nəticələr verəcəyi, nə dərəcədə işlək və effektiv olacağı hər zaman dərindən araşdırılmır. Bəzi hallarda isə hələ də postsovet dövründən qalan yanaşmalar tətbiq olunur. Halbuki qanunlar daha aydın, lakonik və praktik olmalıdır. Əks halda onların tətbiqində problemlər yaranır. Bu qanun layihəsində də güzəştlərin sərhədləri və tətbiq meyarları dəqiq müəyyən edilməzsə, oxşar problemlər ortaya çıxa bilər.

Qanun layihəsi düzgün icra olunacağı təqdirdə Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına, yüksək texnologiyalar sektoruna investisiyaların artmasına, yüksək ixtisaslı iş yerlərinin yaradılmasına, eləcə də qeyri-neft iqtisadiyyatının şaxələndirilməsinə mühüm töhfə verəcək. Əsas məsələ fiskal təşviqlərin innovasiya ekosistemini dəstəkləyən digər institusional islahatlarla paralel şəkildə həyata keçirilməsidir”.

Leyla Turan

D
demokrat.az