İqtisadiyyat Özəl

Kreditləri bir bankda birləşdirmək sərfəlidir? — Açıqlama

Kreditləri bir bankda birləşdirmək sərfəlidir? — Açıqlama

Krediti ödəmək üçün yeni kredit götürmək bəzi hallarda maliyyə yükünü azalda və ödənişləri daha rahat planlaşdırmağa imkan verə bilər. Lakin bu addım hər zaman doğru seçim hesab olunmur. Faiz dərəcəsi, kreditin müddəti, əlavə komissiyalar və aylıq ödəniş məbləği düzgün qiymətləndirilmədikdə, borc yükü daha da arta bilər. Buna görə də belə qərar verməzdən əvvəl bütün şərtləri diqqətlə müqayisə etmək vacibdir.

Bəs, krediti başqa kreditlə bağlamaq hansı hallarda maliyyə baxımından sərfəli hesab olunur?

İqtisadçı Fuad İbrahimov Demokrat.az-a açıqlamasında bildirib ki, bir krediti digər kreditlə əvəz etmək və ya bir neçə krediti bir kreditdə birləşdirmək yalnız müəyyən hallarda borcalan üçün daha əlverişli ola bilər:

“Məsələn, əgər şəxsin müxtəlif banklarda bir neçə krediti varsa, onların vahid kreditdə birləşdirilməsi ödəniş prosesini xeyli sadələşdirir. Bu zaman borcalan hər ay müxtəlif banklara ayrı-ayrılıqda ödəniş etmək əvəzinə, bütün öhdəliklərini bir bank vasitəsilə yerinə yetirir. Bu isə həm vaxt itkisinin qarşısını alır, həm də ödənişlərin izlənilməsi, hesabatların aparılması və maliyyə planlaşdırılması baxımından daha rahat idarəetmə imkanı yaradır. Kreditin əvəzlənməsinin daha məqsədəuyğun olduğu digər hal isə yüksək faiz dərəcəsi ilə götürülmüş kreditin daha aşağı faiz təklif edən yeni kreditlə bağlanmasıdır. Əgər yeni kreditin faiz dərəcəsi əhəmiyyətli dərəcədə aşağıdır və əlavə komissiyalar, sığorta xərcləri və digər ödənişlər ümumi qənaəti aradan qaldırmırsa, bu addım borcalanın aylıq ödənişlərini və ümumi kredit xərcini azaltmağa kömək edə bilər”.

İqtisadçı əlavə edib ki, kreditin sadəcə adını və ya bankını dəyişmək borcalanın maliyyə yükünü avtomatik olaraq azaltmır:

“Əgər yeni kredit əvvəlkindən daha sərfəli şərtlər təqdim etmirsə, bu halda kreditin yenidən rəsmiləşdirilməsi əlavə sənədləşmə, vaxt itkisi və bəzi hallarda əlavə xərclərlə nəticələnə bilər. Bu isə borcalan üçün real üstünlük yaratmır. Ona görə də kreditin digər kreditlə əvəz edilməsi barədə qərar verilərkən yalnız aylıq ödənişə deyil, faiz dərəcəsinə, kreditin ümumi dəyərinə, əlavə komissiya və xidmət haqlarına, eləcə də ödəniş müddətinə diqqət yetirmək vacibdir. Əgər bütün bu amillər nəticəsində borcalan üçün real maliyyə üstünlüyü yaranırsa, kreditin dəyişdirilməsi və ya kreditlərin birləşdirilməsi məqsədəuyğun hesab edilə bilər”.

Beləliklə, bir neçə banka olan borcu vahid mərkəzdə toplamaq və daha aşağı faizli təklif tapmaq maliyyə vəziyyətini yaxşılaşdıra bilər.

Fidan Hacızadə

D
demokrat.az