Sadə görünsə də, göz yumurtasını (qlazok) ideal şəkildə hazırlamaq hər zaman asan olmur. Bəzən yumurtanın ağı yanır, bəzən isə sarısı dağılır. Buna görə də aşpazlar mükəmməl nəticə verən müxtəlif üsullardan istifadə edirlər.
Demokrat.az xəbər verir ki, “Simply Recipes” nəşri yumurta qızartmağın üç məşhur üsulunu müqayisə edib. Hər biri uğurlu nəticə versə də, onlardan biri ən universal üsul hesab olunub.
Sınaq zamanı soyuducudan çıxarılan üç iri yumurta yapışmayan tavada, çevrilmədən hazırlanıb.
Su və qapaq üsulu
Tavaya az miqdarda yağ tökərək qızdırın və yumurtanı sındırın. Yumurtanın ağı bərkiməyə başlayanda tavaya təxminən 1/4 stəkan isti su əlavə edin və qapağını örtün.
Təxminən 1,5 dəqiqədən sonra yumurta hazır olacaq. Bu üsulla hazırlanan yemək yumşaq olur və yüngül yağ dadı verir, lakin xırtıldayan qabıq əmələ gəlmir.
Bu üsul tam qızarmış yumurtanı sevənlər üçün uyğun olmasa da, zərif teksturalı yumurta istəyənlər üçün yaxşı seçimdir.
Qatı qaymaqla hazırlanan üsul
Bu üsul üçün tavaya yarım stəkan yağlı qaymaq tökülür və qaynama həddinə çatdırılır. Daha sonra yumurta birbaşa qaynar qaymağın içinə sındırılır və zəif odda təxminən üç dəqiqə bişirilir.
Bişirmə zamanı qaymaq qismən buxarlanır və karamelləşərək yeməyə qızardılmış kərə yağına bənzər zəngin dad və ətir verir.
Bu üsul daha zəngin və kalorili yeməkləri sevənlər üçün uyğundur. Lakin yağlı qaymağın bahalı olması bu variantı daha xərcli edir.
Yağla qızartma – ən universal üsul
Mütəxəssislərin fikrincə, ən uğurlu nəticəni məhz bu üsul verir.
Bunun üçün iki xörək qaşığı zeytun yağı istifadə olunur. İstəyə görə günəbaxan və ya kərə yağı da seçilə bilər.
Yağı tavada qızdırın və tavanı azca əyərək yağı bir tərəfə toplayın. Yumurtanı həmin hissəyə diqqətlə sındırın. Güclü odda təxminən bir dəqiqə bişirin və bu müddətdə qaşıqla isti yağı vaxtaşırı yumurtanın üzərinə tökün.
Nəticədə yumurtanın alt hissəsi və kənarları yüngül xırtıldayan olur, sarısı isə nazik şəffaf təbəqə ilə örtülsə də, içəridə axıcı qalır. Yemək yumurtanın təbii dadını saxlayır və qızılı yağ çalarları sayəsində daha iştahaaçan görünür.
Mütəxəssislər hesab edirlər ki, məhz bu üsul həm dad, həm də konsistensiya baxımından ən uğurlu nəticəni təmin edir.
Jalə Demokrat.az


