Azərbaycanda iş elanlarının sayının artmasına baxmayaraq, həm iş axtaranlar, həm də işəgötürənlər uyğun namizəd və ya vakansiya tapmaqda çətinlik çəkdiklərini bildirirlər. Bir tərəfdən şirkətlər ixtisaslı kadr çatışmazlığından şikayətlənir, digər tərəfdən isə minlərlə insan aylarla iş tapa bilmədiyini deyir.
Bəs bu uyğunsuzluğun əsas səbəbləri nələrdir? Əmək bazarında tələb və təklif niyə üst-üstə düşmür?
Demokrat.az-a bu barədə açıqlama verən insan resursları üzrə menecer Röyal Əhmədov söyləyib ki, Azərbaycan əmək bazarında son illər iş elanlarının sayının artması ilk baxışdan məşğulluq imkanlarının genişləndiyini göstərsə də, reallıqda həm işəgötürənlər, həm də iş axtaranlar arasında ciddi uyğunluq problemi müşahidə olunur:
“Bir tərəfdən şirkətlər uzun müddət vakant qalan vəzifələrdən, ixtisaslı kadr çatışmazlığından şikayət edirlər, digər tərəfdən isə minlərlə insan aylarla, hətta bəzi hallarda illərlə iş tapa bilmədiyini bildirir. Bu vəziyyət əmək bazarında struktur uyğunsuzluğunun mövcud olduğunu göstərir. Əsas səbəblərdən biri təhsil sistemi ilə əmək bazarının tələbləri arasında yaranan fərqdir. Bir çox ali və orta ixtisas təhsili müəssisələrində tələbələr nəzəri biliklər əldə etsələr də, işəgötürənlərin tələb etdiyi praktik bacarıqları kifayət qədər mənimsəyə bilmirlər. Məzunlar diplomla əmək bazarına daxil olurlar, lakin iş mühitində istifadə olunan proqram təminatları, müasir texnologiyalar, layihələrin idarə edilməsi, analitik düşüncə, problem həll etmə və komanda ilə işləmək kimi bacarıqlarda çatışmazlıqlar yaranır. Nəticədə şirkətlər vakansiya elan etsələr də, müraciət edən namizədlərin əksəriyyəti gözlənilən tələblərə tam cavab vermir”.
Menecer digər mühüm amilin işəgötürənlərin gözləntiləri ilə əmək bazarının reallıqları arasındakı fərq olduğunu bildirib:
“Bəzən vakansiyalarda bir neçə müxtəlif vəzifənin funksiyaları bir nəfərdən tələb olunur. Eyni zamanda yüksək təhsil, bir neçə il iş təcrübəsi, xarici dil biliyi, müxtəlif proqramlarda işləmək bacarığı və əlavə sertifikatlar tələb edilir, lakin təklif olunan əməkhaqqı həmin tələblərlə uyğun gəlmir. Belə olduqda ixtisaslı namizədlər bu vakansiyalara maraq göstərmir, şirkətlər isə uzun müddət uyğun əməkdaş tapa bilmirlər. İş axtaranların da müəyyən problemləri mövcuddur. Bir çox namizəd yalnız dövlət sektorunda və ya müəyyən prestijli şirkətlərdə işləmək istəyir, regionlarda və ya fərqli sahələrdə olan imkanları qiymətləndirmir. Bəzən insanlar əmək bazarında hansı peşələrə daha çox tələbat olduğunu araşdırmadan ixtisas seçirlər və sonradan həmin sahədə iş tapmaqda çətinlik yaşayırlar. Digər tərəfdən CV-lərin düzgün hazırlanmaması, müsahibə bacarıqlarının zəif olması və peşəkar sosial şəbəkələrdən, xüsusilə LinkedIn platformasından səmərəli istifadə edilməməsi də iş tapmaq prosesini çətinləşdirən amillərdəndir.
Texnologiyanın sürətli inkişafı da əmək bazarında yeni çağırışlar yaradır. Süni intellekt, avtomatlaşdırma və rəqəmsallaşma nəticəsində bəzi peşələr üzrə tələbat azalarkən, informasiya texnologiyaları, kibertəhlükəsizlik, data analitikası, rəqəmsal marketinq, layihələrin idarə edilməsi və digər yeni istiqamətlər üzrə mütəxəssislərə ehtiyac artır. Lakin mövcud işçi qüvvəsinin bir hissəsi bu dəyişikliklərə uyğunlaşa bilmir. Davamlı öyrənmə və yeni bacarıqların əldə olunmaması əmək bazarında uyğunsuzluğu daha da artırır”.
Röyal Əhmədov regionlar üzrə məşğulluq balansının da mühüm rol oynadığını deyib:
“Vakansiyaların əhəmiyyətli hissəsi paytaxt və iri şəhərlərdə cəmləşdiyi halda, regionlarda yaşayan insanların həmin işlərə çıxışı məhdud olur. Köç imkanları, yaşayış xərcləri və digər sosial amillər səbəbindən bir çox namizəd mövcud vakansiyalara müraciət edə bilmir. Əmək bazarında informasiya çatışmazlığı da nəzərə alınmalıdır. Bəzi şirkətlər vakansiyalarını geniş auditoriyaya çatdırmır, bəzi namizədlər isə yalnız bir neçə platformadan istifadə edir. Nəticədə uyğun vakansiya ilə uyğun namizəd bir-birindən xəbərsiz qalır. Bundan əlavə, qeyri-rəsmi işə qəbul halları, tanışlıq faktorunun təsiri və şəffaf olmayan seçim prosesləri də bazarın effektiv fəaliyyətinə mənfi təsir göstərir. Bu problemin həlli üçün təhsil müəssisələri, dövlət qurumları, özəl sektor və iş axtaran şəxslər arasında əməkdaşlığın gücləndirilməsi vacibdir. Təhsil proqramları əmək bazarının real ehtiyaclarına uyğunlaşdırılmalı, tələbələrin təcrübə proqramlarında iştirakı artırılmalı, şirkətlər isə yeni məzunların inkişafına daha çox investisiya etməlidirlər. Eyni zamanda iş axtaranlar yalnız diploma güvənməməli, davamlı olaraq yeni bilik və bacarıqlar əldə etməli, sertifikat proqramlarında iştirak etməli, xarici dil və rəqəmsal bacarıqlarını inkişaf etdirməlidirlər. Azərbaycanda problem vakansiyanın və ya iş axtaranın az olmasında deyil. Əsas məsələ əmək bazarında tələb olunan bacarıqlarla mövcud insan kapitalı arasında yaranan uyğunsuzluqdur. Bu fərq azaldıqca həm şirkətlərin ixtisaslı kadr tapmaq problemi, həm də vətəndaşların işsiz qalma müddəti əhəmiyyətli dərəcədə azalacaq. Müasir əmək bazarında uğur qazanmaq üçün artıq təkcə diplom deyil, praktik bacarıqlar, çeviklik, ömürboyu öyrənmə və dəyişən əmək bazarına uyğunlaşmaq qabiliyyəti əsas üstünlüklər hesab olunur”.


