Sosial Özəl

Mənzilləri bahalaşdıran əsas amillər açıqlandı

Mənzilləri bahalaşdıran əsas amillər açıqlandı

Yeni yolların çəkilməsi, metro və tramvay xətlərinin istifadəyə verilməsi, dəmir yolu stansiyalarının tikilməsi, eləcə də park və digər ictimai məkanların salınması əmlak bazarında qiymət artımını şərtləndirən əsas amillərdən biridir.

Bu fikirləri Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Anar Nəsirov deyib.

Mənzilləri bahalaşdıran əsas amillər açıqlandı

Ekspert bildirib ki, hər hansı yaşayış məntəqəsində nəqliyyat infrastrukturunun yenilənməsi və əlçatanlığın artırılması həmin əraziyə marağı yüksəldir, nəticədə yaşayış və kommersiya təyinatlı əmlaklara tələbat artır:

"Əmlakın dəyərinə təsir edən əsas amillərdən biri onun yerləşdiyi ərazi və nəqliyyat əlçatanlığıdır. Yeni yolların çəkilməsi, mövcud yolların genişləndirilməsi, metro, tramvay və dəmir yolu xətlərinin istifadəyə verilməsi insanların həmin əraziyə rahat gediş-gəlişini təmin edir. Bu isə avtomatik olaraq əmlak qiymətlərinin yüksəlməsinə səbəb olur. Metro stansiyalarına yaxın yerləşən mənzillər və obyektlər daha yüksək qiymətlə təklif olunur. Metroya yaxın əmlaklarla daha uzaqda yerləşən əmlaklar arasında məsafədən asılı olaraq orta hesabla 10-15 faiz qiymət fərqi müşahidə edilə bilər. Eyni tendensiya şəhərətrafı qəsəbə və kəndlərdə də müşahidə olunur. Əgər həmin yaşayış məntəqələrinə yeni yollar salınır və ya nəqliyyat əlaqələri yaxşılaşdırılırsa, insanlar bu ərazilərə daha çox maraq göstərir və nəticədə evlərin, torpaq sahələrinin, eləcə də kommersiya obyektlərinin qiymətləri artır”.

“İnsanların ev alarkən əsas diqqət yetirdiyi məqamlardan biri də gündəlik gediş-gəlişin rahatlığı və vaxta qənaət imkanlarıdır. Məhz buna görə nəqliyyat infrastrukturunun inkişaf etdiyi ərazilərdə tələbat daha sürətlə yüksəlir”, - deyə ekspert fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az