Mütəxəssislərin fikrincə, gün işığı təkcə istilik mənbəyi deyil, həm də orqanizmin bioloji ritmini tənzimləyən, D vitamini sintezini dəstəkləyən və əhval-ruhiyyəyə müsbət təsir göstərən mühüm təbii amildir. Lakin onun faydalarından yararlanmaq üçün günəş şüalarına düzgün və nəzarətli şəkildə məruz qalmaq vacibdir.
Demokrat.az-ın məlumatına görə, daxili xəstəliklər üzrə mütəxəssis Başak Oğuz İnan bildirib ki, səhər saatlarında qəbul edilən gün işığı orqanizmin sirkadiyal ritmini, yəni bioloji saatını tənzimləməyə kömək edir. Bu da gün ərzində enerjinin artmasına, axşam isə daha rahat yuxuya getməyə şərait yaradır.
D vitamini sintezini dəstəkləyir
Günəş şüalarının əsas faydalarından biri dəridə D vitamini sintezini stimullaşdırmasıdır. D vitamini sümük sağlamlığının qorunması, immun sisteminin normal fəaliyyəti və bir sıra digər mühüm proseslər üçün vacib hesab olunur.
Başak Oğuz İnanın sözlərinə görə, gün işığı həm enerjini artırır, həm də əhval-ruhiyyəni yaxşılaşdıran hormonların ifrazını dəstəkləyir.
İmmunitetin güclənməsinə kömək edir
Mütəxəssislər qeyd edirlər ki, D vitamininin kifayət qədər olması immun hüceyrələrinin daha balanslı fəaliyyət göstərməsinə kömək edir. Bu, orqanizmin infeksiyalara qarşı müdafiəsini gücləndirə, xüsusilə tənəffüs yolları infeksiyalarına qarşı müqaviməti artıra və iltihabi proseslərin tənzimlənməsinə dəstək verə bilər.
Əhval-ruhiyyəni yaxşılaşdırır
Elmi araşdırmalara görə, gün işığı beyində serotonin hormonunun ifrazını artırır. Bu hormon insanın özünü daha yaxşı hiss etməsinə kömək etməklə yanaşı, yuxu rejimini tənzimləyən melatonin hormonunun da vaxtında ifrazına şərait yaradır.
Mütəxəssis vurğulayıb ki, kifayət qədər gün işığı almayan insanlarda yuxu pozuntuları, daimi yorğunluq və depressiv əlamətlərə daha tez-tez rast gəlinə bilər.
Sağlam günəşlənmə qaydaları
Mütəxəssislər günəşdən təhlükəsiz şəkildə faydalanmaq üçün aşağıdakı tövsiyələri verirlər:
* Yay aylarında saat 11:00–16:00 arasında birbaşa günəş altında uzun müddət qalmayın. * İsti havalarda kifayət qədər su qəbul edin. * Uzunmüddətli və nəzarətsiz şəkildə günəş şüalarına məruz qalmağın dərinin vaxtından əvvəl qocalmasına, qırışların yaranmasına, günəş yanıqlarına və digər dəri zədələnmələrinə səbəb ola biləcəyini nəzərə alın. * UV qoruyuculu günəş kremlərindən istifadə edin, açıq rəngli və nazik geyimlər seçin, papaq və gün eynəyi taxın.
Mütəxəssislərin fikrincə, xüsusilə səhər saatlarında təxminən 15 dəqiqə gün işığı qəbul etmək bioloji saatın tənzimlənməsinə, yuxu keyfiyyətinin yaxşılaşmasına, gün ərzində enerjinin artmasına və ümumi əhval-ruhiyyənin yüksəlməsinə müsbət təsir göstərə bilər.
Jalə Demokrat.az


