Sağlamlıq Özəl

Yayda ən böyük təhlükə: Kimlər daha çox risk altındadır?

Yayda ən böyük təhlükə: Kimlər daha çox risk altındadır?

Yay aylarında havanın temperaturunun yüksəlməsi ilə günvurma və isti vurması halları da artır. Bu iki vəziyyət çox vaxt eyni hesab edilsə də, yaranma səbəbləri, əlamətləri və müalicə üsulları fərqlənir.

Demokrat.az xəbər verir ki, mütəxəssislər xüsusilə yaşlıların, uşaqların və açıq havada çalışanların isti havalarda daha diqqətli olmalarının vacibliyini bildirirlər.

Günvurma baş və boyun nahiyəsinin uzun müddət birbaşa günəş şüalarına məruz qalması nəticəsində yaranır. Bu zaman baş ağrısı, boyun ağrısı, başgicəllənmə, ürəkbulanma, qusma və halsızlıq müşahidə oluna bilər. Maraqlıdır ki, əksər hallarda bədən hərarəti normal qalır və ya ciddi şəkildə yüksəlmir.

Belə vəziyyətdə şəxsi dərhal kölgə və ya sərin yerə aparmaq, başını bir qədər yuxarıda saxlamaq, baş və boyun nahiyəsinə soyuq kompres qoymaq tövsiyə edilir. Huşu yerində olan şəxsə bol maye qəbul etdirmək də faydalıdır.

İsti vurması isə təkcə günəş altında qalmaqdan yaranmır. Çox isti mühitdə ağır fiziki iş görmək və ya orqanizmin bədən istiliyini xaric edə bilməməsi də bu vəziyyətə səbəb ola bilər. Belə hallarda bədən hərarəti qısa müddətdə 40 dərəcədən yuxarı qalxır, tərləmə dayanır və vəziyyət həyati təhlükə yaradır.

İsti vurmasının əsas əlamətləri güclü baş ağrısı, huşun bulanması, bayılma, arterial təzyiqin enməsi, qusma, qıcolma və nəfəs darlığıdır. Vaxtında müdaxilə edilmədikdə bu hal orqan çatışmazlığına səbəb ola və həyat üçün ciddi təhlükə yarada bilər.

İsti vurmasından qorunmaq üçün bunlara əməl edin:

İlk yardım gecikdirilməməlidir. İsti vurmasından şübhələnildikdə dərhal təcili tibbi yardım çağırılmalı, şəxs sərin yerə aparılmalı, artıq geyimləri çıxarılmalı və bədəni soyudulmalıdır. Huşunu itirmiş şəxsə ağızdan heç nə verilməməlidir. Risk qrupunda olanlar daha diqqətli olmalıdır. Uşaqlar, yaşlılar, xroniki xəstəlikləri olanlar, açıq havada çalışanlar, idmançılar və kifayət qədər su içməyən şəxslər isti vurmasına daha həssasdır. Qoruyucu tədbirlərə əməl edin. Mütəxəssislər günəş şüalarının ən güclü olduğu saat 11:00–16:00 aralığında açıq havada uzun müddət qalmamağı tövsiyə edirlər. Açıq rəngli və nazik geyimlər seçmək, enli kənarlı papaqdan istifadə etmək, gün ərzində kifayət qədər su içmək və ağır fiziki fəaliyyəti səhər və ya axşam saatlarına saxlamaq isti vurması riskini əhəmiyyətli dərəcədə azaldır.

Jalə Demokrat.az

D
demokrat.az