Ezoterik baxışlara görə, yatağın qarşısında yerləşdirilən güzgü uğursuz əlamət hesab olunur.
Demokrat.az xəbər verir ki, bu barədə ezoterik, tarot mütəxəssisi və həyat strategiyaları üzrə ekspert Natalis Domini "UNIAN"a açıqlamasında danışıb.
Qeyd olunur ki, astrologiya, tarot, numerologiya, ekstrasensorika və oxşar təcrübələr elmi cəhətdən təsdiqlənmiş metodlar deyil. Onlar ənənəvi inanclara və fərdi şərhlərə əsaslanır, buna görə də elmi fakt kimi qəbul edilmir.
Ekspertin sözlərinə görə, ezoterik inanclarda güzgü sadəcə məişət əşyası deyil, «incə aləmə» və ya «astral dünyaya» açılan bir növ keçid hesab olunur. O bildirir ki, buna görə də güzgünün yatağı əks etdirməyəcək şəkildə yerləşdirilməsi tövsiyə edilir.
Natalis Domininin fikrincə, insan yuxu zamanı şüuraltı və yuxular aləmi ilə əlaqə qurur. Ezoterik təsəvvürlərə əsasən, belə məqamda güzgüdə astral bədən və ya digər varlıqların əks oluna biləcəyi iddia edilir. Bu səbəbdən yatağın birbaşa qarşısında güzgü yerləşdirmək məsləhət görülmür.
Bununla yanaşı, mövzuya elmi baxımdan yanaşdıqda da praktik səbəb göstərilir. Psixoloqlar qeyd edirlər ki, gecə yarıyuxulu vəziyyətdə insan qəfil öz əksini görəndə qorxu və narahatlıq hissi keçirə bilər. Bu isə yuxunun keyfiyyətinə mənfi təsir göstərə bilər.
Ezoterik inanclara görə, yatağın qarşısındakı güzgü narahat yuxulara, kabuslara və xoşagəlməz hisslərə səbəb ola bilər. Bununla belə, bu iddiaları təsdiqləyən elmi sübut yoxdur.
Ekspert hesab edir ki, yataq otağında güzgünün gün işığı düşən yerdə, məsələn, pəncərənin qarşısında yerləşdirilməsi daha məqsədəuyğundur. Əgər otaqda güzgülü şkaf varsa və onun səthində yataq əks olunursa, ezoterik baxışlara görə bunun qarşısını almaq üçün güzgünü örtmək və ya görünməyəcək şəkildə dekorasiya etmək tövsiyə olunur.
Jalə Demokrat.az


