İranın ali dini lideri Ayətullah Əli Xameneinin ölümündən sonra dəfn mərasiminin uzun müddət keçirilməsi beynəlxalq mediada geniş müzakirələrə səbəb olub. İran dövlət mediasının məlumatına görə, Xameneinin dəfni iyulun 9-na planlaşdırılıb. Bununla əlaqədar iyulun 4-dən etibarən Tehranda vida mərasimləri başlayıb, daha sonra cənazənin Qum, Nəcəf və Kərbəla şəhərlərinə aparılması nəzərdə tutulub. Bildirilib ki, Xamenei doğulduğu Məşhəd şəhərində torpağa tapşırılacaq.
Məlumata görə, İslam qaydalarına əsasən mərhumun mümkün qədər tez dəfn olunması tövsiyə edilsə də, İran rəsmiləri uzunmüddətli gecikməni ölkədə müharibə şəraiti, təhlükəsizlik riskləri və genişmiqyaslı dövlət dəfn mərasiminin təşkili ilə izah ediblər.
İranın ali dini lideri Ayətullah Əli Xameneinin dəfninin gecikdirilməsi və cənazənin müxtəlif şəhərlərdə gəzdirilməsi şəriət baxımından nə dərəcədə doğrudur?
Dinşünas Tural İrfan məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki,İslam hüququna görə, vəfat etdiyi dəqiqləşən insanı mümkün qədər tez dəfn etmək lazımdır:
“Meyiti saxlamaq, gəzdirmək əsla yolverilməzdir. Çünki bu, mərhuma hörmətsizlik, onun ruhunu incitmək sayılır. Əgər müharibə kimi dəfnə imkanın olmadığı bir vəziyyət yaranarsa, fürsət yaranan kimi dərhal dəfn həyata keçirilməlidir. Təntənəli mərasim, dəbdəbəli dəfn ayini keçirmək məqsədi ilə dəfni uzatmaq və ya meyiti gəzdirmək ənənəsi və nümunəsi İslamda yoxdur. Hətta Həzrət Məhəmməd Peyğəmbər vəfat edərkən bəziləri onun ata yurdu Məkkədə, yaxud peyğəmbərlər vətəni Qüdsdə dəfn edilməsini təklif etsə də, əksəriyyət buna qarşı çıxdı və onu hətta canını Allaha təslim etdiyi yerdə dəfn etdilər. Dəfni uzadıb digər uzaq məkanlardan müsəlmanların gəlməsini gözləmədilər. Çünki dinin əmri belədir.
Həmçinin digərləri üçün də belə ənənə formalaşdı. Peyğəmbərin əmisi oğlu Cəfər indiki İordaniya ərazisində şəhid oldu, onu Mədinəyə gətirmədilər, orada dəfn etdilər. Çünki İslamda meyiti gəzdirmək, dəfni uzatmaq olmaz”.
Tural İrfan İranda siyasiləşmiş, dini əsasları təhrif olunmuş, qədim fars ənənələrinə əsaslanan məzhəbçi ideologiyanın hakim olduğunu əlavə edib:
“Bu ideoloji xəttə görə, bir insanın ölümündən də siyasi maraqlar üçün istifadə etmək lazımdır. Məsələn, Kərbəla hadisəsi heç də İmam Hüseynə hörmətə görə hər dəfə bu qədər təntənəli keçirilmir. Bu, İmam Hüseynin şəhadəti adı altında rəqiblərə, düşmən hesab etdiklərinə qarşı siyasi aksiya, güc və əzələ nümayişi xarakteri daşıyır. Çünki Səlcuqlulara qarşı bu aksiyaların təməlini Sasani qalıqları olan Büveyhilər qoyublar. Bölgədə də bu ənənəni Səfəvilər dirildib siyasi məqsədlər üçün istifadə ediblər. Çünki belə mərasimlərdə İslama uyğun ibadət, dua ayini keçirilmir, Quran oxunmur, yalnız siyasi aksiyalara məxsus elementlər, şüarlar, bayraqlar və yürüşlər qabarıq şəkildə görünür. Bu inanca görə, ölünü müvəqqəti “əmanət” olaraq saxlayıb uzun müddətdən sonra başqa yerə aparmaq, daşımaq da olar. Yaxud vəfat etmiş adamın ölümünü siyasiləşdirib camaatı coşdurmaq üçün onu uzun müddət dəfn etməmək də mümkündür. Hətta dəfn edərkən qəbrin özünü də siyasiləşdirirlər. Mütləq pərəstiş ocağı, ideoloji mərkəz halına gətirirlər. Yəni məram, məqsəd və hədəf naminə ölümlərdən, ölülərdən, hətta qəbirlərdən də bir vasitə kimi istifadə olunur. Bir sözlə, bu kimi yanlış ənənələr İslama tamamilə ziddir və mərhum üçün də məqbul hesab olunmur. Vəfat edən insanı imkan olan kimi dərhal dəfn etmək vacibdir. Vacib hökmü isə siyasi məqsədlər üçün təxirə salmaq caiz deyil”.


