İqtisadiyyat Özəl

Qızıl almaq istəyənlərin diqqətinə — Qiymətlər dəyişəcək

Qızıl almaq istəyənlərin diqqətinə — Qiymətlər dəyişəcək

Dünya əmtəə bazarlarında qızıl və gümüşün qiymətində növbəti eniş qeydə alınıb. Son ticarət məlumatlarına əsasən, qiymətli metalların dəyərinin azalması Azərbaycan bazarında da qiymətlərə təsir göstərib. Hazırda Azərbaycanda 999 əyarlı 1 qram qızılın qiyməti 225,5 manat təşkil edir. 750 əyarlı (İtalyan) qızıl 169,29 manat, 585 əyarlı (Türk) qızıl isə 132,05 manata təklif olunur. Gümüşün də qiymətində eniş müşahidə edilir və 999 əyarlı 1 qram gümüş 3,30 manata satılır.

Hazırkı eniş qısamüddətli tendensiyadır, yoxsa qiymətlərin bir müddət də aşağı səviyyədə qalacağı gözlənilir? Azərbaycanda qızıl qiymətlərinin enməsi Məhərrəmlik ayı ilə bağlı olması mümkündürmü?

İqtisadçı Asif İbrahimov məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında Azərbaycanda müşahidə olunan qiymətli metalların satış qiymətlərindəki enişin, daxili bazarda baş verən dəyişikliklərlə deyil, beynəlxalq maliyyə bazarlarında formalaşan tendensiyalarla bağlı olduğunu qeyd edib:

“Son günlər dünya əmtəə bazarlarında qızıl və gümüşün qiymətində eniş qeydə alınıb və bu proses Azərbaycan bazarına da öz təsirini göstərib. Ümumiyyətlə, qızılın qiyməti ilk növbədə dünya birjalarında formalaşan kotirovkalar, ABŞ dollarının məzənnəsi, faiz dərəcələri və investorların qlobal risklərə münasibəti ilə müəyyənləşir. Son dövrlərdə dolların möhkəmlənməsi və beynəlxalq maliyyə bazarlarında risk iştahının artması investorların bir hissəsinin qızıl kimi təhlükəsiz aktivlərdən digər investisiya alətlərinə yönəlməsinə səbəb olub. Nəticədə qızıl və gümüş bazarında korreksiya baş verib, qiymətlərdə eniş müşahidə olunmağa başlayıb. Hazırkı qiymət enişini uzunmüddətli tendensiya kimi qiymətləndirmək hələ tezdir. Əgər ABŞ-də faiz dərəcələrinin yüksək səviyyədə qalacağı ilə bağlı gözləntilər davam etsə və dollar möhkəmlənməsini qorusa, qiymətli metallar bir müddət də təzyiq altında qala bilər. Bununla yanaşı, geosiyasi risklər, mərkəzi bankların qızıl ehtiyatlarını artırması və inflyasiya ilə bağlı qeyri-müəyyənliklər orta və uzunmüddətli perspektivdə qızılın yenidən bahalaşmasını dəstəkləyən əsas amillər olaraq qalır. Yəni qızıl investisiya aləti kimi öz əhəmiyyətini itirməyib. Tarixi təcrübə də göstərir ki, müharibələr, siyasi gərginliklər və digər qlobal kataklizmlər zamanı həm dövlətlər, həm də investorlar vəsaitlərini daha etibarlı aktivlərdə saxlamağa üstünlük verirlər. Bu baxımdan qızıl hər zaman “təhlükəsiz liman” kimi qiymətləndirilib”.

İqtisadçının sözlərinə görə, Azərbaycanda qiymət enişinin Məhərrəmlik ayı ilə əlaqələndirilməsi isə iqtisadi baxımdan tam əsaslandırılmış yanaşma hesab edilə bilməz:

“Doğrudur, bu dövrdə toy mərasimlərinin sayının azalması və zinət əşyalarına tələbatın zəifləməsi səbəbindən daxili bazarda satış həcmlərində müəyyən azalma müşahidə oluna bilər. Lakin bu amillər qızılın qiymətini müəyyən edən əsas faktorlar deyil. Azərbaycan qızıl bazarı böyük ölçüdə beynəlxalq qiymətlərdən asılı olduğuna görə mövsümi və ya dövri daxili amillərin təsiri məhdud xarakter daşıyır. Mövcud qiymət enişi istehlakçılar üçün qızıl alışını nisbətən daha əlverişli etsə də, investisiya qərarları qısamüddətli qiymət dəyişikliklərinə əsasən deyil, qlobal iqtisadi proseslər, uzunmüddətli bazar gözləntiləri və mövcud risklərin düzgün qiymətləndirilməsi əsasında verilməlidir”.

Fidan Hacızadə

D
demokrat.az