Tikinti materialları sahəsində 23 yeni dövlət standartının qəbul edilməsi bu sektorda keyfiyyət və təhlükəsizlik tələblərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addım hesab olunur. Yeni standartların tətbiqinin tikinti materiallarının keyfiyyətinə müsbət təsir göstərəcəyi gözlənilsə də, bunun bazarda qiymətlərə mümkün təsiri də maraq doğuran məsələlərdəndir. Yeni dövlət standartlarının tətbiqi tikinti materiallarının qiymətlərinə necə təsir göstərə bilər?
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı məsələ barədə Demokrat.az-a açıqlamasında bildirib ki, yeni standartların qəbul olunması müəssisələrdə müvafiq istiqamətlər üzrə istehsal prosesində xərclərin artmasına təsir göstərə bilər:
“Burada istər keyfiyyət standartlarının tətbiqi, istər məhsulun istehsalı ilə bağlı müəyyən normativ tələblərin təmin edilməsi, istərsə də yeni avadanlıqların alınması nəzərdə tutulur. Bütün bu amillər, təbii olaraq, istehsal xərclərinin yüksəlməsinə səbəb olur. İstehsal xərclərinin artması qısamüddətli dövrdə məhsulun maya dəyərində öz əksini tapır və nəticə etibarilə ayrı-ayrı məhsul növləri üzrə qiymətlərə təsir göstərə bilər. Bununla belə, bu dəyişikliklərin tikinti materialları bazarında əhəmiyyətli qiymət artımına səbəb olub-olmayacağı uzunmüddətli perspektivdə daha ciddi təhlil olunmalıdır. Hazırda bazarda qiymət formalaşmasına təsir edən əsas amillərdən biri məhz rəqabətdir”.
O deyib ki, məhsulun standartı yüksəldikcə onun rəqabətədavamlılığı da artır:
“Rəqabət qabiliyyətinin yüksəlməsi isə bəzi məhsulların bazardan sıxışdırılıb çıxarılmasına, daha keyfiyyətli məhsulların isə daha sürətli və daha rahat satılmasına şərait yaradır. Bu baxımdan, bəzi hallarda istehsalçılar maya dəyərindəki artımı məhsulun yekun satış qiymətinə əlavə edirlər. Lakin sonrakı mərhələdə məhsula tələbatın artması və satış həcminin genişlənməsi fonunda qiymətlərin müəyyən qədər azalması da mümkündür. Yəni ümumilikdə, ilkin mərhələdə müəyyən qiymət artımı gözlənilən və proqnozlaşdırılan haldır. Ancaq uzunmüddətli perspektivdə bunun tikinti materialları bazarında ciddi və davamlı qiymət artımına səbəb olacağını düşünmürəm”.


