Sosial Özəl

Azərbaycanda saxta pivələr satılır — Mexanizm ifşa oldu

Azərbaycanda saxta pivələr satılır — Mexanizm ifşa oldu

Azərbaycanda pivə və dönər satışında böyük fırıldaqçılıq şəbəkəsi üzə çıxıb. Sahədə ən ciddi problem saxta sənəd dövriyyəsidir.

AQTA sədri Qoşqar Təhməzli pivə bazarındakı mövcud nöqsanları qaldırıb. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə fırıldaqçılığın mexanizmini ifşa edib.

Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, məsələn, A adlı fiziki və ya hüquqi şəxs pivə satışı ilə məşğuldur:

Azərbaycanda saxta pivələr satılır — Mexanizm ifşa oldu

“O, istehlakçıların etibarını qazanmış X pivə istehsalçısından müəyyən həcmdə pivə alır və həmin məhsula aid rəsmi sənədləri də əldə edir. Daha sonra isə standartlara uyğun olmayan, bazarda tanınmayan və istehlakçı rəğbəti qazanmamış Y istehsalçısından da pivə alır və onun sənədlərini götürür. Sonra A şəxs restoran, kafe və ya pivə salonu olan K sahibkarına ucuz qiymətə pivə təklif edir. K soruşanda ki, bu hansı zavodun pivəsidir, ona “X zavodunun pivəsidir” deyilir və X zavoduna aid sənədlərin surətləri təqdim olunur. Nəticədə K həmin pivəni X zavodunun məhsulu kimi alır və elə həmin ad altında da istehlakçılara satır. Yoxlayıcı qurum gəldikdə isə əlində X zavodunun sənədləri olduğu üçün məhsulun mənşəyi ilə bağlı şübhə yaranmır. Bu üsulla Azərbaycanda uzun illər istehlakçıların etibarını qazanmış “NZS” və ya “Azəri” pivəsi adı altında başqa istehsalçıların məhsulları satılır. Vaxtilə Xaçmazda, Salyanda və digər rayonlarda da müxtəlif pivə istehsalı olub. Eyni hal digər pivə markaları ilə də müşahidə edilir. Nəticədə istehlakçı ödədiyi qiymətə uyğun məhsul almır və aldadılır. Burada əsas problem istehlakçı hüquqlarının pozulmasıdır. Uzun illər bazarda tanınan və etibar qazanan pivə istehsalçıları öz brendlərini qorumaq üçün mediada və ictimai maarifləndirmə istiqamətində kifayət qədər iş aparmırlar. Buna görə də saxta satış halları davam edir və istehlakçılar zərər görür”.

Eyyub Hüseynov əlavə edib ki, təəssüf ki, bu problem yalnız pivə sahəsinə aid deyil:

“Məsələn, ölkədə qanuni şəkildə fəaliyyət göstərən dönər istehsalı müəssisələri var. Onlar dönəri sanitar qaydalara uyğun hazırlayır, şişə taxır, mənfi 40 dərəcə şok dondurmadan keçirir və xüsusi nəqliyyat vasitələri ilə dönərxanalara çatdırırlar. Dönərxanalar həmin müəssisələrdən məhsul alaraq sənədləri əldə edirlər. Lakin sonradan özlərinin hazırladıqları, mənşəyi məlum olmayan ətdən dönər hazırlayıb satırlar. Yoxlama zamanı isə qanuni müəssisələrin sənədlərini təqdim edirlər. Bu problem bir çox məhsul növünə aiddir. Xüsusilə yay aylarında pivəyə tələbatın artdığı dövrdə Azad İstehlakçılar Birliyinə bu mövzuda çoxsaylı şikayətlər daxil olur. Hesab edirəm ki, bu sahədə elə bir mexanizm yaradılmalıdır ki, sənədlərin sadəcə surətləri hüquqi qüvvə daşımamalıdır. Məsələn, istehsalçı müəssisələr sənədlərdə xüsusi qoruyucu elementlər, holoqram və ya saxtalaşdırılması mümkün olmayan digər identifikasiya vasitələri tətbiq edə bilərlər. Təəssüf ki, hazırkı vəziyyətdə sənəd saxtalaşdırılması probleminin qarşısı alınmır. Nəticədə istehlakçı hüquqları pozulur. Eyni zamanda bazarda tanınmış pivə istehsalçıları da öz brendlərini qorumaq və adlarından sui-istifadə edənləri ifşa etmək istiqamətində kifayət qədər fəallıq göstərmirlər. Bu isə ölkədə istehlakçı hüquqlarına ciddi zərbə vuran problemlərdən biri olaraq qalır”.

Fidan Hacızadə

D
demokrat.az