Siyasət Özəl

ABŞ-nin Türkiyə siyasətində nələr dəyişir? — Açıqlama

ABŞ-nin Türkiyə siyasətində nələr dəyişir? — Açıqlama

Son vaxtlar ABŞ və NATO arasında olduqca kəskin ziddiyətlər mövcuddur. Hətta Prezident Donald Trampın NATO nun Ankara sammitinə gəlməyə həvəs göstərmədiyi barədə məlumatlar mövcud idi. Ancaq Donald Tramp sonradan bəyan etdi ki, Ankara sammitinə yalnız ona görə gələcək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı məmnun edə bilsin.

Bu barədə Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

"Ağ ev sahibi artıq Ankara sammiti çərçivəsində bəyan edib ki, Türkiyəni sevindirəcək addımları atmağa hazırlaşır. Həmin addımların sırasında Türkiyənin F35 proqramına geri qaytarılması, eyni zamanda ABŞ-nin Türkiyəyə qarşı tətbiq etdiyi hərbi ticarət yəni silah satışı ilə bağlı qadağanın sanksiyanın aradan qaldırması da daxildir. Bu baxımdan NATO zirvəsi Türkiyə və ABŞ münasibətlərində yeni yüksəliş dövrünün başlanğıcı hesab oluna bilər. Onun Ankarada verdiyi mesajlar həm Tram Ərdoğan münasibətlərinin, həm də ABŞ Türkiyə münasibətlərində hazırda olduqca yüksək səviyyədə olduğunu göstərir. B u da Türkiyə üçün önəmli məqamdır. Digər tərəfdən ABŞ Suriya məsələsində də, Türkiyə ilə ortaq mövqeyə malikdir".

ABŞ-nin Türkiyə siyasətində nələr dəyişir? — Açıqlama

Politoloq vurğulayıb ki, Tramp administrasiyası Türkiyənin Suriyadakı maraqlarını qəbul edir. Artıq ABŞ-nin bazaları Suriya ərazisindən çıxarılaraq İraqa daşınmağa başlayıb. Bu da onun göstərir ki, Ağ Evdə Türkiyənin Suriya maraqlarına olduqca həssas yanaşırlar.

"Digər tərəfdən bu ölkələrin yaxın şərq regionunda baş verən hadisələrə yönəlmiş mövqeyində də müəyyən yaxınlaşma müşahidə olunur. Buna paralel olaraq ABŞ və Türkiyənin Ukrayna savaşına yönəlmiş siyasi strategiyasında da, üst-üstə düşən məqamlar kifayət qədər çoxdur. Bütün bunları nəzərə aldıqda NATO sammiti Ağ Ev sahibinin ABŞ-nin müttəfiqlərinə daha ciddi mesajlar verməsi üçün olduqca önəmli platformaya çevrilməyə başlayıb.

Bu sıraya digər ölkələrə gedən mesajları da daxil etmək olar. Çünki Türkiyə ilə ABŞ-nin münasibətlərinin yaxınlaşmasına paralel olaraq ABŞ-nin NATO üzvü olan Avropa ölkələri ilə ziddiyyətlərin dərinləşdiyi müşahidə olunur. Ağ Ev Avropa ölkələrindən tələb edir ki, qlobal təhlükəsizlik sisteminə yönəlmiş məsuliyyət bərabər şəkildə bölüşdürülsün. Avropa qitəsinin sisteminin yenidən qurulması üçün Avropa ölkələrinin daha çox maliyyə vəsaiti xərclənməsi tələb olunur. Burada önəmli məqamlardan biri də ondan ibarətdir ki, ABŞ Avropa ölkələrindən NATO-ya ayrılan maliyyə vəsaitinin ümumi daxili məhsulun 5 faizə çatıdırmasını tələb edir".

Elçin Xalidbəyli vurğulayıb ki, ABŞ Avropa ölkələrini həm NATO-ya həm də, qoca qitənin təhlükəsizlik sisteminə yönəlmiş xərcləri artırmağa və siyasi məsuliyyəti də bölüşdürməyə çağırır.

"ABŞ-nin NATO-dan məsafə saxladığı, eyni zamanda Avropa ölkələri ilə ziddiyyətlərinin dərinləşdiyi mərhələdə təbii ki, Türkiyə ön plana çıxmış olur. Hazırda Türkiyə Avropa qitəsinin təhlükəsizlik sistemi üçün əvəzolunmaz ölkəyə çevrilməkdədir. Türkiyə tədricən NATO üzrə yeni hərbi siyasi lider mövqelərinə doğru yaxınlaşmaqdadır. Burada da, Tramp administrasiyasının Türkiyəyə verdiyi dəstəyin olduqca böyük rolu mövcuddur", - deyə politoloq fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az