Son günlər sosial şəbəkələrdə Bakının mərkəzi küçələrinin birində fəaliyyət göstərən türkiyəli dondurmacının maraqlı satış üsulu geniş müzakirələrə səbəb olub. Dondurma satışı zamanı o, alıcılarla müxtəlif zarafatlar edir, onları rəqs etməyə və əyləncəli oyunlara cəlb edir. Yayılan görüntülərdə müxtəlif yaş qruplarından olan insanlar, eləcə də ölkəmizə gələn xarici turistlər onun təşəbbüsünə qoşularaq birlikdə rəqs edir və əylənirlər.
Bu görüntülər cəmiyyət tərəfindən fərqli qarşılanır. Bəziləri bunu turizm baxımdan maraq yaradan və şəhərin əyləncə mühitinə rəng qatan fəaliyyət kimi qiymətləndirsə də, digərləri belə davranışların xüsusilə Məhərrəmlik ayında ictimai yerlərdə nümayiş etdirilməsinin dini-mənəvi dəyərlərlə nə dərəcədə uzlaşdığı barədə fikirlər səsləndirirlər.
Belə hallarda fərdi əyləncə azadlığı ilə dini dəyərlərə hörmət arasında balans necə qorunmalıdır?
İlahiyyatçı Fazil Əhməd Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanı bir çox ölkələrdən fərqləndirən əsas xüsusiyyətlərdən biri zəngin milli-mənəvi dəyərlərə sahib olmasıdır.
“Son illərdə bu dəyərlərin müəyyən qədər zəifləməsində xarici mədəni təsirlərin də rolu var. Bu baxımdan Türkiyənin təsiri də müzakirə olunan mövzulardandır. Türkiyə bizim qardaş ölkəmizdir. Hər iki dövlət tarix boyu bir-birinə dəstək olub, bütün mühüm məsələlərdə həmrəylik nümayiş etdirib. Bu, ayrı mövzudur və dəyişməz həqiqətdir. Ancaq bununla yanaşı, mədəni təsirləri də obyektiv şəkildə qiymətləndirmək lazımdır.
Məsələn, hesab edirəm ki, Azərbaycanda yayımlanan bəzi türk serialları ailə münasibətlərinə, o cümlədən boşanmalara müəyyən mənada tətikləyici təsir göstərə bilir. Eyni zamanda kriminal mövzulu filmlər və seriallar da cəmiyyətə təsirsiz ötüşmür. Xüsusilə 1990-cı illərin sonlarından və 2000-ci illərin əvvəllərindən etibarən peyk antenaların geniş yayılması, Türkiyə televiziya kanallarının uzun illər izlənilməsi istər-istəməz cəmiyyətə öz təsirini göstərib. Hər iki ölkənin özünəməxsus milli-mənəvi dəyərləri var və bu fərqlər nəzərə alınmalıdır. Bu mövzu ilə bağlı ictimai xadimlər də dəfələrlə fikirlərini bölüşüblər.
Məsələn, bəzi türk film və seriallarında küçə söyüşlərindən rahat şəkildə istifadə olunur. Bu isə bizim cəmiyyətə xas xüsusiyyət deyil. Təəssüf ki, son illərdə çəkilən bəzi yerli filmlərdə də buna bənzər yanaşmalar müşahidə edilir. Bəziləri bunu obrazların daha təbii görünməsi ilə əsaslandırır. Halbuki hər xalqın öz danışıq mədəniyyəti və mənəvi dəyərləri var”.
Fazil Əhməd əlavə edib ki, ümumilikdə xalqların bir-birinə təsiri təbiidir:
“Ancaq bu təsirin milli dəyərlərə zərər verməməsinə diqqət edilməlidir. Məsələn, Türkiyədən gələn bəzi dondurma satıcılarının satış məqsədilə azərbaycanlı xanımları müxtəlif formada əyləndirməsi və ya oynatması “bu sadəcə əyləncədir” deyərək adi qarşılanır. Lakin bu, cəmiyyətimizin hər kəs tərəfindən müsbət qarşılanan davranışı deyil. Xüsusilə Məhərrəmlik ayında xalqımızın əyləncələrdən uzaq durmağa, bu aya hörmət göstərməyə çalışması mühüm ənənələrimizdəndir. Belə bir dövrdə küçələrdə şou xarakterli çıxışların nümayiş etdirilməsi cəmiyyətdə birmənalı qarşılanmır. Təəssüf ki, bəzən bu məsələlərə lazımi həssaslıq göstərilmir. İnsanlarımız milli-mənəvi dəyərlərimizin qorunmasına daha diqqətli yanaşmalıdır. Qonaqpərvərlik başqa məsələdir, amma qonağın qarşısında öz dəyərlərimizdən uzaqlaşmaq, bizə yaraşmayan davranışlar nümayiş etdirmək düzgün deyil. Bu kimi halların müzakirə olunması və diqqətə çatdırılması vacibdir. Çünki söhbət bizim milli-mənəvi dəyərlərimizin qorunmasından gedir. Keçmişə baxıb gələcəyi düşündükdə insan istər-istəməz özünə sual verir. 20-30 il sonrakı zamanınızın necə olacağı da sual altındadır”.


