İqtisadiyyat Özəl

ABŞ-İran gərginliyi artır — İqtisadiyyatı nə gözləyir?

ABŞ-İran gərginliyi artır — İqtisadiyyatı nə gözləyir?

ABŞ və İran arasında yenidən artan gərginlik təkcə siyasi və hərbi sahədə deyil, həm də qlobal iqtisadiyyatda ciddi risklər yaradır. Xüsusilə enerji bazarlarında qeyri-müəyyənliyin artması, neft qiymətlərinin dəyişməsi, beynəlxalq ticarət marşrutlarının təhlükə ilə üzləşməsi və maliyyə bazarlarındakı dalğalanmalar bir çox ölkələrin iqtisadiyyatına təsir göstərə bilər. Azərbaycanın da bu proseslərdən kənarda qalması mümkün görünmür.

ABŞ-İran arasında gərginliyin yenidən hərbi müstəviyə keçməsi və müharibənin genişlənməsi Azərbaycana iqtisadi baxımdan necə təsir göstərə bilər?

İqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlamasında söyləyib ki, hazırkı mərhələdə ABŞ və İran arasında yaxın gələcəkdə yenidən ciddi hərbi gərginliyin artacağı gözlənilmir:

ABŞ-İran gərginliyi artır — İqtisadiyyatı nə gözləyir?

“Əksinə, tərəflər arasında deeskalasiya meylləri müşahidə olunur və bu, neft bazarında da öz əksini tapır. Müharibənin ən gərgin dövründə neftin qiyməti 120 dollardan yuxarı qalxmışdı, hazırda isə təxminən 73-74 dollar səviyyəsindədir. Bu da qiymətlərdə əhəmiyyətli enmənin baş verdiyini göstərir. Neft qiymətlərinin dəyişməsi Azərbaycana həm müsbət, həm də mənfi təsir göstərir. Gərginlik dövründə neft bahalaşdıqda ölkənin neft ixracından əldə etdiyi valyuta gəlirləri artır ki, bu da iqtisadiyyat üçün müsbət amildir”.

İqtisadçı digər tərəfdən, Azərbaycanın idxaldan əhəmiyyətli dərəcədə asılı olan ölkə olduğunu və daxili tələbatın böyük hissəsi xaricdən gətirilən məhsullar hesabına ödənildiyini əlavə edib:

“Dünyada enerji böhranı və yanacaq qiymətlərinin artması logistika xərclərini də yüksəldir. Nəticədə ölkəyə idxal olunan malların maya dəyəri artır və bu da daxili bazarda qiymət artımını sürətləndirərək inflyasiyanın yüksəlməsinə səbəb olur. Yəni neftin bahalaşması bir tərəfdən ölkəyə daxil olan valyuta gəlirlərini artırsa da, digər tərəfdən idxal mallarının bahalaşması inflyasiya risklərini gücləndirir”.

Qeyd edək ki, ABŞ və İran arasında əvvəlki hərbi gərginlik zamanı qlobal enerji bazarlarında dalğalanmalar yaşanmış, neft qiymətləri yüksəlmiş, Hörmüz boğazı ətrafında təhlükəsizlik risklərinin artması isə beynəlxalq ticarət və yükdaşımalara mənfi təsir göstərmişdi. Həmin dövrdə dünya maliyyə bazarlarında da qeyri-müəyyənlik güclənmişdi.

Fidan Hacızadə

D
demokrat.az