ABŞ və İran arasında əldə olunan müvəqqəti razılaşmanın qüvvədən düşməsi regionda hərbi gərginliyi yenidən yüksək səviyyəyə çatdırıb. Belə ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni hərbi əməliyyatlara başladığını açıqlayıb. Açıqlamada qeyd olunub ki, əməliyyatlar İranın Hörmüz boğazından keçən üç ticarət gəmisinə qarşı həyata keçirdiyi hücumlara cavab olaraq icra edilir. ABŞ ordusunun İranın hərbi hədəflərinə zərbələr endirdiyi vurğulanıb.
Mövcud vəziyyət diplomatik yolla nə dərəcədə həll oluna bilər, yoxsa hərbi eskalasiya qaçılmaz görünür?
Mövzu barədə Demokrat.az-a açıqlama verən politoloq Rəşad Bayramov ABŞ və İran arasında yaranan yeni gərginlik tərəflər arasında əsas ziddiyyətlərin hələ də aradan qalxmadığını bildirib.
Politoloqun sözlərinə görə, razılaşmanın mövcud olduğu dövrdə hərbi toqquşmaların intensivliyinin azalması diplomatik kanalın işlək olduğunu göstərsə də, Hörmüz boğazı və regional təhlükəsizlik məsələləri üzrə fikir ayrılıqları yenidən qarşıdurma riskini artırıb:
“Hazırkı eskalasiyanın mərkəzində yenə də Hörmüz boğazı dayanır. Məlumdur ki, bu marşrut qlobal enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. ABŞ İranın burada hərbi təzyiq imkanlarını məhdudlaşdırmağa çalışır və gəmiçilik təhlükəsizliyini əsas arqument kimi irəli sürür. Tehran isə Hörmüzə nəzarətdə israrlıdır və bildirir ki, istənilən gəminin razılaşdırılmadan hərəkətinə imkan vermək niyyətində deyil.
Başqa sözlə, tərəflərin hər biri öz addımlarını müdafiə xarakterli təqdim edir, lakin qarşı tərəf bunu təhdid kimi qəbul edir”.
Rəşad Bayramovun fikrincə, mövcud vəziyyət göstərir ki, tərəflərin hərbi eskalasiyadan qaçmaq imkanları hələ də var:
“Çünki həm ABŞ, həm də İran genişmiqyaslı müharibənin onlar üçün ağır nəticələr yarada biləcəyini anlayır. İranın genişmiqyaslı müharibə istəməməsinin səbəbləri məlumdur, çünki bunun üçün yetərli qədər gücü yoxdur. ABŞ isə həm seçki ilində olduğu, həm də bu qarşıdurmanın yalnız iki ölkəyə deyil, bütün Yaxın Şərqin təhlükəsizlik arxitekturasına ciddi təsir göstərəcəyini və enerji bazarlarında yenidən kəskin dalğalanmalara səbəb olacağını bildiyi üçün eskalasiyada maraqlı deyil. Bu baxımdan ən real ehtimal odur ki, tərəflər eskalasiyanı idarə olunan səviyyədə saxlamaqda maraqlı olacaqlar. Yəni tərəflər ara-sıra bir-birinə məhdud zərbələr endirməklə hərbi imkanlarını nümayiş etdirməyə çalışsalar da, danışıqlardan da imtina etməyəcəklər. Başqa sözlə, diplomatik həll imkanları hələ tam aradan qalxmayıb. Əksinə, hərbi gərginliyin artması müəyyən mərhələdə tərəfləri yenidən danışıqlara qayıtmağa məcbur edə bilər. Təcrübə göstərir ki, belə böhranlarda hərbi təzyiq çox vaxt diplomatik proses üçün vasitə kimi istifadə olunur. Lakin bunun üçün əsas şərt tərəflərin qarşılıqlı olaraq “qırmızı xətləri” müəyyən etməsi və nəzarətsiz eskalasiyadan yayınmasıdır”, - o fikrini yekunlaşdırıb.


