Müasir dövrdə iş və şəxsi həyat arasındakı sərhədlər getdikcə daha çox aradan qalxır. Rəqəmsal texnologiyaların inkişafı, yüksək iş tempi və daim əlçatan olmaq tələbi insanların həm peşəkar, həm də şəxsi həyatına təsir göstərir. Bu vəziyyət isə stress, psixoloji gərginlik və ailə münasibətlərində müəyyən problemlərin yaranmasına səbəb ola bilər. Bəs iş və şəxsi həyat arasında sağlam balansı necə qorumaq mümkündür?
Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev Demokrat.az-a bildirib ki, şəxsi həyatla iş həyatı arasında balansın qorunması müasir dövrdə həm fərdlər, həm təşkilatlar, həm də sosial birliklər üçün vacib məsələlərdən biridir:
"Təbii ki, rəqəmsallaşma, yüksək iş tempi, ailə və şəxsi problemlər istər-istəməz bu mövzunu daha da aktuallaşdırır. Bu, güclənən rəqabət, iqtisadi qeyri-müəyyənlik və daim onlayn fəaliyyət göstərmək zərurətindən irəli gələn davamlı stress vəziyyəti ilə bağlıdır. Bu balansın qorunması zərurəti əvvəlki dövrlərlə müqayisədə daha da kəskinləşib. Çünki insan artıq istər bilərəkdən, istərsə də bilməyərəkdən günün demək olar ki, 24 saatı bu və ya digər formada iş mühitinə bağlı olur. İş saatlarının dəqiq çərçivəsinin olmaması, daimi gərginlik, işdən asılılıq və fasiləsiz olaraq işi düşünmək insanların şəxsi həyatına, gələcəyi barədə düşünməsinə mane olur. Telefon, elektron poçt və müxtəlif mesajlar vasitəsilə iş mühitinin daim aktiv saxlanılması da əlavə problemlər yaradır və şəxsi həyata mənfi təsir göstərir".
O deyib ki, belə hallarda insan şəxsi məsələlərini həll etməyə çalışdığı vaxt belə, iş mühitindən ardıcıl müdaxilələrlə üzləşir:
"Eyni proses şəxsi həyatdan iş mühitinə də təsir göstərir. Daimi nəzarət, fasiləsiz izlənmə və hər zaman əlçatan olmaq ailə mühitini, şəxsi həyatı və işgüzar münasibətləri mürəkkəbləşdirən, qeyri-müəyyənlik yaradan amillər sırasındadır.
Digər vacib amil psixoloji gərginlik və narahatlığın artmasıdır. Uzun iş saatları, evdən və ya onlayn işləmək, davamlı gərgin vəziyyətdə olmaq, nəqliyyatda itirilən vaxt, ailə məsuliyyətlərinin artması və iş yerində emosional yük əməkdaşların psixoloji vəziyyətinə mənfi təsir göstərir. Bütün bunlar isə yanma (tükənmə ) sindromunun yaranmasına səbəb olan əsas amillərdəndir. Bu vəziyyət həm iş həyatında məhsuldarlığın azalmasına, həm də ailə mühitində qayğı və diqqətin zəifləməsinə gətirib çıxarır. Nəticədə ailədaxili münaqişələr, boşanmalar və müxtəlif psixofizioloji problemlər yarana bilər.
Bu balansın təmin olunması ilk növbədə işəgötürənlərin məsuliyyətli yanaşmasından, əməkdaşların şəxsi həyatına və onun toxunulmazlığına hörmətlə yanaşılmasından asılıdır. Müəssisə və təşkilatlar yalnız peşəkar nəticələri deyil, insanın sağlamlığını və rifahını da nəzərə almalıdırlar. Çünki sağlamlıq və rifahın olduğu yerdə əmək məhsuldarlığı artır, işin keyfiyyəti yüksəlir. Həm fiziki, həm də psixoloji sağlamlıq mühüm dəyər kimi qəbul edilməlidir. Çevik iş qrafikinin tətbiqi, məsafədən və hibrid iş imkanlarının yaradılması, iş saatlarının optimallaşdırılması, müəyyən vaxtın şəxsi həyata ayrılması xüsusi diqqətdə saxlanmalıdır. Bununla yanaşı, əməkhaqqının adekvat qiymətləndirilməsi, artıq iş saatlarına görə əlavə ödənişlərin verilməsi, psixososial dəstək imkanlarının genişləndirilməsi sağlam iş mühitinin formalaşdırılmasının əsas şərtlərindəndir.
Psixoloji və sosial dəstək proqramlarının tətbiqi insanların özlərini dəyərli hiss etməsinə, motivasiyasının, təşkilata bağlılığının və məhsuldarlığının artmasına səbəb olur. Bu, təxminən yüz il əvvəl müəyyən edilmiş idarəetmə prinsiplərindən biridir. İnsan münasibətlərinə xüsusi önəm verilən kollektivlərdə əməkdaşlar özlərini daha rahat hiss edir, işə daha yüksək motivasiya ilə yanaşırlar. Belə olduqda həm şəxsi, həm də iş həyatı daha sağlam şəkildə davam edir. Əksinə, bu balansın pozulması insanların davranışında məsuliyyət hissinin zəifləməsinə səbəb olur. Digər tərəfdən, vaxtın düzgün planlaşdırılması, iş və şəxsi həyat arasındakı sərhədlərin müəyyənləşdirilməsi hər bir insanın fərdi davranışından və şəxsi təşəbbüslərindən də asılıdır. İşdən sonra istirahət etmək, ailəyə və şəxsi inkişafa vaxt ayırmaq, rəqəmsal texnologiyalardan səmərəli istifadə etmək və sağlam həyat tərzinə üstünlük vermək bu baxımdan vacib amillərdir".
Sosioloqun sözlərinə görə, insan nə yalnız işləməklə, nə də yalnız şəxsi qayğılarla məşğul olmaqla özünü tam reallaşdıra bilər:
"Hər bir sahənin öz yeri, zamanı və rolu var. Keyfiyyətli istirahət də məhsuldar fəaliyyətin əsas şərtlərindən biridir. Aydındır ki, iş və şəxsi həyat arasında balansın qorunması fərdi seçimlərlə yanaşı, sosial rifahın və davamlı inkişafın da əsas şərtlərindəndir. Burada işəgötürənlə işçi arasında qarşılıqlı etimadın, hörmətin, sosial məsuliyyət və əməkdaşlıq prinsiplərinin düzgün formalaşdırılması mühüm rol oynayır. Müəssisə və təşkilatların fəaliyyətinin səmərəliliyi də əhəmiyyətli dərəcədə bu amillərdən asılıdır. İnsanların həyat keyfiyyətini yüksəldən əsas amillərdən biri də iş və şəxsi həyatın düzgün əlaqələndirilməsidir. Sağlam, motivasiyalı və balanslı fəaliyyət istənilən təşkilatda insan kapitalını ən dəyərli resursa çevirir", - deyə o qeyd edib.


