Cəmiyyət Özəl

Sosial şəbəkələr uşaqları təhlükəli yarışa sürükləyir — Psixoloq

Sosial şəbəkələr uşaqları təhlükəli yarışa sürükləyir — Psixoloq

Sosial şəbəkələrdə nümayiş olunan dəbdəbəli həyat tərzi uşaqların düşüncəsinə və psixologiyasına ciddi təsir göstərə bilir. Xüsusilə maddi imkanları məhdud olan ailələrin övladları bu görüntülər fonunda öz həyatlarını müqayisə edir, bəzən real olmayan gözləntilər formalaşdırırlar. Bəs sosial şəbəkələrdəki lüks həyat nümayişi uşaqların psixologiyasına və gələcək davranışlarına necə təsir edir?

Mövzu ilə bağlı psixoloq Fidan Canbabazadə Demokrat.az-a bildirib ki, sosial şəbəkələrdə nümayiş olunan lüks həyat tərzi nəinki aztəminatlı ailələrin, hətta digər ailələrin övladlarına da təsir göstərə bilir:

"Yüksək gəlirli ailələrin uşaqları üçün bu, bəzən rəqabətə çevrilə bilər, daha artığını əldə etmək, üst səviyyəyə keçmək istəyi yarada bilər. Bəzən onlar maddi imkanların sərhədlərini belə aşaraq daha çox istehlaka meyllənə bilərlər. Xüsusilə azgəlirli ailələrdə böyüyən uşaqlar isə həyatın digər tərəfini görür və bu lüks həyata təbii olaraq maraq göstərirlər. Müəyyən yaş və intellekt səviyyəsinə çatmış uşaqlar bunun bəzən sadəcə pul israfı olduğunu anlaya bilsələr də, iradəsi zəif olan, istəklərini idarə etməkdə çətinlik çəkən uşaqlar üçün bu vəziyyət ciddi problemlərə səbəb ola bilər. Onlar bu imkanları əldə etmək üçün müxtəlif yanlış yollara əl ata, yaxud varlı, amma düzgün olmayan həyat tərzi nümayiş etdirən insanların davranışlarını təqlid edə bilərlər".

Psixoloq deyib ki, bu vəziyyət ailədaxili problemlərə və münaqişələrə də yol aça bilər:

"Xüsusilə uşaqlar kənardan bullinq və ya mobbinqə məruz qaldıqda, maddi vəziyyətinə görə təzyiq gördükdə bu, ciddi psixoloji fəsadlara, hətta ağır nəticələrə səbəb ola bilər. Bu baxımdan sosial şəbəkələrdən istifadənin müəyyən dərəcədə məhdudlaşdırılması müsbət addım ola bilər. Bununla yanaşı, sosial şəbəkələrdə həyatların təqdim olunması ilə bağlı da müəyyən maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Çünki əslində heç nə göründüyü kimi deyil və nümayiş olunan lüks həyatın arxasında bəzən heç də xoş olmayan reallıqlar dayana bilər.

Uşaqların bunu anlaması üçün müəyyən yaş və düşüncə səviyyəsinə çatması vacibdir. Lakin həmin yaşa qədər onlar özlərini və istəklərini tam idarə edə bilmirlər. Bu səbəbdən sosial şəbəkələrdə gördükləri görüntülər onlarda ciddi psixoloji travmalar yarada, gələcəkdə özgüvən problemlərinə səbəb ola bilər. Belə uşaqlar dostları ilə münasibət qurmaqda çətinlik çəkə, insanlarla ünsiyyətdə özlərini narahat hiss edə və əslində böyük problem olmayan məsələləri ciddi problem kimi qəbul edə bilərlər", - deyə o qeyd edib.

Əfsanə Kamal

D
demokrat.az