Siyasət Özəl

NATO sammiti qlobal gündəmi dəyişə bilər — Açıqlama

NATO sammiti qlobal gündəmi dəyişə bilər — Açıqlama

"NATO ilə Rusiya arasında artan gərginlik, eləcə də NATO daxilində, xüsusilə ABŞ-la müttəfiqləri arasında müşahidə olunan fikir ayrılıqları beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir"

Bu barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a açıqlama verib.

O deyib ki, bu gün beynəlxalq gündəm heç vaxt olmadığı qədər gərgindir:

“Həm dünyada, həm də regionda ciddi geosiyasi proseslər baş verir. NATO ilə Rusiya arasında artan gərginlik, eləcə də NATO daxilində, xüsusilə ABŞ-la müttəfiqləri arasında müşahidə olunan fikir ayrılıqları beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bu baxımdan keçirilən NATO Sammiti xüsusi əhəmiyyət kəsb edir. Sammit qlobal təhlükəsizliyin təmin olunması, mövcud risklərin qiymətləndirilməsi, mümkün qarşıdurmaların qarşısının alınması və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platformadır. Sammitdə əsas müzakirə mövzuları NATO üzvü olan dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi, alyansın gələcək strategiyası, eləcə də Rusiya-Ukrayna müharibəsinin gedişatı, münaqişənin dayandırılması və sülhün əldə olunması istiqamətində atılacaq addımlardır”.

O qeyd edib ki, sammit çərçivəsində qəbul olunacaq qərarlar təkcə Avroatlantik məkan üçün deyil, Azərbaycanın da yerləşdiyi regionda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə müsbət təsir göstərəcək:

“Tərəflər arasında aparılan müzakirələrin sülhün təşviqinə və gərginliyin azaldılmasına töhfə verməsi xüsusi əhəmiyyət daşıyır. Sammitin ən diqqətçəkən məqamlarından biri onun Türkiyədə keçirilməsidir. Bu, Türkiyənin beynəlxalq münasibətlər sistemində artan rolunun, regional və qlobal təhlükəsizlik məsələlərində mühüm aktor kimi mövqeyinin daha da gücləndiyini göstərir. Belə mötəbər tədbirə ev sahibliyi etməsi Türkiyənin diplomatik nüfuzunun və strateji əhəmiyyətinin növbəti göstəricisidir.

Ümumilikdə, gözləntilər ondan ibarətdir ki, sammitdə qəbul ediləcək qərarlar dünyada davam edən müharibə və münaqişələrin səngiməsinə, dialoqun genişlənməsinə və sülhün bərqərar olmasına real töhfə verəcək”.

Leyla Turan

D
demokrat.az