Süni intellektin media sektorunda tətbiqi artıq təkcə xəbərlərin hazırlanması ilə məhdudlaşmır, redaksiya idarəçiliyinə də sirayət edir. Dünyanın müxtəlif media qurumlarında olduğu kimi, Azərbaycanda da redaksiya proseslərində bu texnologiyaların rolu getdikcə artır. Trend İnformasiya Agentliyinin xəbər redaksiyasında baş tutan yeni təyinat da bu istiqamətdə diqqət çəkən addımlardan biri hesab olunur. Redaksiyada süni intellektin rəhbər rolda tətbiqi media sahəsində rəqəmsal transformasiyanın yeni mərhələyə keçdiyini göstərir. Mütəxəssislər hesab edirlər ki, bu tendensiya gələcəkdə jurnalistlərin iş prinsiplərini və redaksiya idarəçiliyini əhəmiyyətli dərəcədə dəyişə bilər. Bəs süni intellektin qərarvermə prosesində söz sahibi olması medianın gələcəyi üçün hansı imkanları və riskləri ortaya çıxarır?
Məsələ ilə bağlı əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli Demokrat.az-a açıqlamasında bildirib ki, indiki şəraitdə süni intellektin jurnalistikanın müəyyən istiqamətlərini və ya bəzi iş proseslərini əvəz etməsi artıq təəccüblü hal deyil:
“Statistikaya görə, ötən il dünya üzrə media sahəsində görülən işlərin təxminən 12–15 faizi süni intellekt vasitəsilə icra olunub. Yəni auditoriyaya təqdim olunan media məhsullarının müəyyən hissəsi məhz süni intellektin iştirakı ilə hazırlanıb. Hazırda bu proses radiolarda, xəbər saytlarında və qəzetlərdə də müşahidə olunur. Süni intellekt analitik yazılar hazırlayır, böyük həcmli məlumat bazalarını sürətlə emal edir və onlardan kifayət qədər peşəkar şəkildə istifadə edə bilir”.
O deyib ki, ancaq bütün bunların arxasında yenə də insan amili dayanır:
“Süni intellektin səmərəli nəticə ortaya qoyması üçün peşəkar jurnalistin təcrübəsi, düzgün istiqamətləndirməsi və verdiyi dəqiq sorğular (promptlar) əsas rol oynayır. Bu olmadan süni intellekt istənilən keyfiyyətdə məhsul hazırlaya bilməz.
Şübhəsiz ki, jurnalistika sahəsində bəzi vəzifələrin süni intellektin tətbiqi nəticəsində ixtisar olunması qaçılmazdır. Lakin bütövlükdə jurnalistika peşəsində həlledici rol yenə də insana məxsus olacaq. Çünki peşəkar yanaşma, təcrübə, hadisələri düzgün təhlil etmək bacarığı və son qərarı vermək məsuliyyəti jurnalistin üzərində qalır. Son söz yenə də insana məxsusdur”.


