Türkiyəli müğənni Ebru Gündeş bu dəfə şəxsi həyatı ilə yenidən gündəmə gəlib. Sənətçinin həbsdə olan keçmiş həyat yoldaşı Murat Osman Özdemir uzun sürən sükutunu pozaraq həbsxanadan məktub göndərib.
Demokrat.az xəbər verir ki, təxminən yeddi aydır Silivri Həbsxanasında saxlanılan iş adamı Murat Osman Özdemir məktubunda barəsində irəli sürülən ittihamlara münasibət bildirib. O, hazırda davam edən məhkəmə prosesi ilə bağlı ilk dəfə ictimaiyyətə açıqlama verib.
Özdemir məktubunda yaşadığı prosesi həyatının ən ağır sınaqlarından biri kimi qiymətləndirib. O, heç kimə qarşı kin və inciklik hissi bəsləmədiyini bildirərək, Türkiyənin ədalət sisteminə güvəndiyini vurğulayıb.
İş adamı son dövrlərdə adının müxtəlif cinayət işləri və iddialarla əlaqələndirilməsindən narahat olduğunu da qeyd edib. Onun sözlərinə görə, bəzi cinayət işləri ilə heç bir əlaqəsi yoxdur və ictimaiyyətdən bu məsələyə həssas yanaşmağı xahiş edib.
Murat Osman Özdemir məktubunda məhkəmə prosesinin ədalətli şəkildə yekunlaşacağına inandığını bildirib. O, həbsdən azad olunduqdan sonra ailəsi və övladları ilə sakit həyat yaşamaq istədiyini də qeyd edib.
Xatırladaq ki, Ebru Gündeş və Murat Osman Özdemir 2024-cü ilin fevralında Dubayda ailə qurublar. Cütlüyün evliliyi uzun sürməyib və onlar 2025-ci ilin sentyabrında qarşılıqlı razılıq əsasında boşanıblar. Bundan sonra Murat Osman Özdemirin adı cinayət işi üzrə aparılan istintaqda hallanıb və o, 2025-ci ilin dekabrında həbs olunub. Hazırda onunla bağlı məhkəmə araşdırması davam edir.
Jalə Demokrat.az


