Region Özəl

Hakan Fidandan NATO paylaşımı

Hakan Fidandan NATO paylaşımı

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO Zirvəsi ərəfəsində diqqətçəkən paylaşım edib.

Demokrat.az xəbər verir ki, nazir sosial media hesabında Ankaranın NATO liderlərini qəbul etməyə tam hazır olduğunu bildirib.

"Ankarada səhnə hazır. Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə Alyansın gələcəyini müəyyənləşdirəcək bu mühüm mərhələdə NATO üzvü ölkələrin liderlərini qəbul etməyə hazırdır", – deyə Hakan Fidan paylaşımında qeyd edib.

Fidan vurğulayıb ki, Ankara Zirvəsində qəbul ediləcək qərarlar yalnız mövcud təhlükəsizlik problemlərinin həllinə deyil, həm də gələcək illərdə Avroatlantik məkanının təhlükəsizlik arxitekturasının formalaşmasına təsir göstərəcək.

Türkiyəli nazirin sözlərinə görə, kollektiv müdafiə NATO-nun əsas prinsipi olaraq qalır. Lakin dəyişən geosiyasi şərait fonunda təhlükələr daha mürəkkəb xarakter alıb və Alyans yeni reallıqlara uyğunlaşmalıdır. O bildirib ki, bu mərhələdə əsas məsələ yalnız müdafiə potensialının artırılması deyil, həm də hərbi sənaye əməkdaşlığının gücləndirilməsi və operativ hazırlığın yüksəldilməsidir.

Hakan Fidan, həmçinin Avropanın müdafiəyə daha böyük töhfə verməsinin vacibliyini vurğulayaraq, müdafiə sənayesi sahəsində mövcud məhdudiyyətlərin aradan qaldırılmasının zəruri olduğunu qeyd edib. Onun fikrincə, Avropada həyata keçirilən müdafiə təşəbbüsləri NATO-nun bütün müttəfiqlərini əhatə etməlidir.

Nazir əlavə edib ki, Türkiyənin məqsədi daha güclü, daha çevik və daha dayanıqlı NATO-nun formalaşmasına töhfə verməkdir.

Jalə Demokrat.az

D
demokrat.az