Sağlamlıq Özəl

Qaraciyər piylənməsindən əziyyət çəkənlər bu qidalardan uzaq durmalıdır

Qaraciyər piylənməsindən əziyyət çəkənlər bu qidalardan uzaq durmalıdır

Qaraciyər piylənməsi (yağlı qaraciyər xəstəliyi) dünyada ən sürətlə yayılan sağlamlıq problemlərindən biridir. Mütəxəssislər bildirirlər ki, düzgün qidalanma bu xəstəliyin qarşısının alınmasında və müalicəsində əsas rol oynayır.

Demokrat.az xəbər verir ki, həkimlər qaraciyərdə piylənmənin artmasına səbəb ola biləcək bir sıra qidaların gündəlik rasiondan mümkün qədər çıxarılmasını tövsiyə edirlər.

Mütəxəssislərin sözlərinə görə, şəkərli qazlı içkilər və tərkibində əlavə şəkər olan məhsullar qaraciyərdə piy toplanmasını sürətləndirə bilər. Şirniyyatlar, hazır desertlər, qablaşdırılmış meyvə şirələri və enerji içkilərinin tez-tez qəbul edilməsi xəstəliyin inkişaf riskini artırır.

Emal olunmuş qidalar da təhlükəli hesab edilir. Kolbasa, sosiska, fast-food məhsulları, çips və digər yüksək kalorili hazır qidaların tərkibindəki doymuş yağlar, duz və müxtəlif qatqılar qaraciyərin fəaliyyətinə mənfi təsir göstərə bilər.

Həkimlər qırmızı ət və yağlı ət məhsullarının da normadan artıq istehlak edilməsini məsləhət görmürlər. Bu məhsulların həddindən artıq qəbulu qaraciyərdə yağ yığılmasını sürətləndirə və iltihab riskini artıra bilər.

Bundan əlavə, alkoqollu içkilərin qaraciyər hüceyrələrinə ciddi zərər verdiyi, xəstəliyin ağırlaşmasına və hətta sirroza səbəb ola biləcəyi vurğulanır. Qaraciyər piylənməsi diaqnozu qoyulan şəxslərə alkoqoldan tamamilə uzaq durmaq tövsiyə olunur.

Mütəxəssislər sağlam qaraciyər üçün tərəvəz, meyvə, tam taxıl məhsulları, paxlalılar, balıq və zeytun yağı ilə zəngin Aralıq dənizi tipli qidalanmanı, həmçinin müntəzəm fiziki aktivliyi məsləhət görürlər. Çəkinin tədricən azaldılması qaraciyərdə yağlanmanın azalmasına kömək edə bilər.

Jalə Demokrat.az

D
demokrat.az