Türkiyənin Kırıkkale vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, Tekirdağdan Kayseriyə hərəkət edən sərnişin avtobusu Kaman-Ankara avtomobil yolunun Karakeçili Dövlət Xəstəxanası yaxınlığında sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım, yanğınsöndürmə, polis, jandarma və AFAD əməkdaşları cəlb olunub. Qəza nəticəsində avtobusda olan 41 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar ətraf xəstəxanalara çatdırılıb. Məlumata görə, onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilir.
Kırıkkale valisi Hüseyn Engin Sarıibrahim bildirib ki, qəzanın ilkin səbəbi səhər saatlarında yolun sürüşkən olmasıdır. O, sərnişinləri təhlükəsizlik kəmərlərindən mütləq istifadə etməyə çağıraraq, belə halların ağır nəticələrinin qarşısının alınmasında bunun mühüm rol oynadığını vurğulayıb.
Faktla bağlı araşdırma aparılır.
Jalə Demokrat.az


