Sağlamlıq Özəl

Psixoloq və psixiatrlar ən ağır psixi xəstəlikləri açıqladı

Psixoloq və psixiatrlar ən ağır psixi xəstəlikləri açıqladı

Psixoloqlar və psixiatrlar ən dəhşətli ruhi xəstəliklərdən danışırlar.

Tibb sahəsində çalışan mütəxəssislər ən ağır hesab etdikləri psixi xəstəliklər barədə fikirlərini bölüşüblər. Həkimlər öz təcrübələrini "Reddit" forumunda paylaşıblar.

Demokrat.az xəbər verir ki, özünü neyropsixoloq kimi təqdim edən istifadəçi Hollivud aktyoru Bryus Uillisdə diaqnoz qoyulmuş xəstəliyi xatırladaraq demensiyanın bir neçə formasını sadalayıb. Onun sözlərinə görə, ən qorxulu xəstəliklər arasında ilkin proqressiv afaziya (PPA), beynin arxa qabıq hissəsinin atrofiyası və proqressiv supranuklear iflic yer alır.

Mütəxəssis bildirib ki, Bryus Uillisdə müşahidə olunan ilkin proqressiv afaziya erkən başlayan demensiya formasıdır. Xəstəlik əvvəlcə nitqdə kiçik çətinliklərlə özünü göstərir, lakin sürətlə ağırlaşır.

"Xəstəliyin erkən mərhələsində insanlar baş verənləri tam dərk edirlər və vəziyyəti bu qədər ağır edən də məhz budur", deyə istifadəçi qeyd edib.

Təcili yardım şöbəsində çalışan bir tibb işçisi isə indiyədək rastlaşdığı ən ağır psixi xəstəliyin şizofreniya olduğunu bildirib. Onun sözlərinə görə, şizofreniya insanın reallıq hissini tamamilə dəyişə bilər.

"Şizofreniya qadını büstqalterində ölü beş küçüyü daşımağa və onları böyütdüyünü düşünməyə vadar edə bilər. Mən özünü tanrı hesab edən, bizi isə öz davamçıları sayan insanlarla da rastlaşmışam", deyə o bildirib.

Məktəb psixoloqu isə ilk baxışdan görünməyən, lakin insanın bütün həyatına təsir göstərən psixi travmalara diqqət çəkib. O, xüsusilə cinsi zorakılığa məruz qalmış uşaqlarda yaranan posttravmatik stres pozuntusunu ən ağır problemlərdən biri adlandırıb.

Psixoloqun sözlərinə görə, bu hal düşündüyündən daha geniş yayılıb və son dərəcə sarsıdıcı nəticələrə səbəb olur.

O, bildirib ki, zorakılığın bütün formaları uşağın gələcək həyatına və inkişafına mənfi təsir göstərir. Uşaqlardan eşitdiyi hekayələrin onu daim narahat etdiyini və bunun cəmiyyətin onları qoruya bilməməsinin acı nəticəsi olduğunu vurğulayıb.

Psixoloq əlavə edib ki, hər gün qarşılaşdığı bu travmaların kökündə əslində zərərçəkənlərin deyil, zorakılığı törədən şəxslərin psixi problemləri dayanır.

Bundan əvvəl həkimlər sağlamlıqla bağlı onları ən çox narahat edən müasir tendensiyaları da açıqlamışdılar. Ailə həkimi kimi çalışan istifadəçilərdən biri bildirib ki, pasiyentlərin ilk növbədə internetdə məlumat axtarması və yalnız bundan sonra həkimə müraciət etməsi narahatlıq doğuran tendensiyaya çevrilib.

Jalə Demokrat.az

D
demokrat.az