Cəmiyyət Özəl

İnternetdə uşaqları gözləyən gizli təhlükə — Açıqlama

İnternetdə uşaqları gözləyən gizli təhlükə — Açıqlama

Uşaqların rəqəmsal mühitdə keçirdiyi vaxt artdıqca, onların qarşılaşdığı risklər də çoxalır. Onlayn platformalarda yaşanan psixoloji təzyiq və mənfi davranışlar əksər hallarda valideynlərin diqqətindən kənarda qalır. Bəs uşaqları rəqəmsal təhlükələrdən qorumaq üçün atılacaq addımlar nələrdir?

Mövzu ilə bağlı İT mütəxəssisi Natiq Məmişov Demokrat.az-a bildirib ki, valideynlər evdə baş verən hadisələri asanlıqla müşahidə edə bilsələr də, uşaqların telefon və sosial şəbəkələrdə üzləşdiyi problemlər çox vaxt uzun müddət gizli qalır:

"Bu isə onların psixoloji vəziyyətinə mənfi təsir göstərərək ciddi fəsadlar yarada bilər. Məktəb və ya gündəlik həyatla bağlı çətinliklər əksər hallarda evdə həll olunsa da, rəqəmsal platformalarda yaşanan mənfi təcrübələr günlərlə, hətta həftələrlə uşağın emosional durumuna təsir edə bilir".

Ekspert vurğulayıb ki, problemin əsas çətinliyi valideyn və müəllimlərin çox zaman onun əsl mahiyyətindən xəbərsiz qalmasıdır:

"Nəticədə göstərilən dəstək gözlənilən effekti vermir. Onun sözlərinə görə, bunun qarşısını almaq üçün maarifləndirmə proqramları və mütəmadi təlimlər təşkil edilməlidir. Uşaqlara rəqəmsal mühitdə düzgün davranış qaydaları öyrədilməli, empatiya bacarıqları gücləndirilməli, valideynlər isə övladlarının rəqəmsal həyatını anlayacaq səviyyədə məlumatlandırılmalıdır. Bununla yanaşı, onlayn platformalarda təhlükəsizlik mexanizmlərinin və hüquqi tənzimləmələrin gücləndirilməsi də vacib hesab olunur.

“YouTube” kimi platformalarda müəyyən təhlükəsizlik tədbirləri tətbiq edilsə də, uşaqlar internetdə fərqli platformalara da asanlıqla keçid edə bilirlər.

Müəllim dərs zamanı verilən tapşırıq çərçivəsində telefon istifadəsinə nəzarət edə bilər. Lakin valideynin övladının cihazdan istifadəsini hər an izləməsi mümkün deyil. Buna görə əsas məqsəd davamlı nəzarət deyil, uşaqda rəqəmsal təhlükələr barədə məlumatlılıq yaratmaq və ailə daxilində açıq ünsiyyəti gücləndirməkdir" - , deyə o qeyd edib.

Əfsanə Kamal

D
demokrat.az