Tanışlıq və münasibətlər üzrə uzunillik təcrübəyə malik ekspert Emi Çan bildirib ki, görüşdən əvvəl tətbiq edilən sadə bir ritual insanın daha açıq və maraqlı ünsiyyət qurmasına kömək edə bilər.
Demokrat.az xəbər verir ki, bu barədə “CNBC” məlumat yayıb.
Ekspertin sözlərinə görə, müştərilərinin ən çox səsləndirdiyi şikayətlərdən biri görüş zamanı tərəflər arasında "kimya"nın yaranmamasıdır. O qeyd edib ki, insanların əksəriyyəti görüşə ya işdən tələsik gəlir, ya da görüşdən əvvəl uzun müddət telefonla məşğul olur. Bu vərdişlər isə insanın enerjisini və ünsiyyətə hazır olma səviyyəsini azalda bilər.
Bu səbəbdən Emi Çan "görüşə hazırlıq ritualı" adlandırdığı sadə fəaliyyətləri tətbiq etməyi tövsiyə edir. Onun sözlərinə görə, bu vərdişlər görüş zamanı insanın davranışına, enerjisinə və ünsiyyət keyfiyyətinə müsbət təsir göstərə bilər.
Ekspert görüşdən təxminən 20 dəqiqə əvvəl aşağıdakı fəaliyyətlərdən birini və ya bir neçəsini yerinə yetirməyi məsləhət görür:
* Şimal şəfəqini əks etdirən videoya baxmaq; * Güclü emosiyalar oyadan musiqi dinləmək; * Telefon götürmədən təbiətdə gəzintiyə çıxmaq; * Meditasiya etmək.
Emi Çanın sözlərinə görə, bu fəaliyyətlərin əsas məqsədi insanda heyranlıq hissi oyatmaqdır.
Kaliforniya Universitetinin İrvayn kampusu və Pekin Universitetinin alimlərinin araşdırmalarına əsasən, belə emosional vəziyyət insanın dünyagörüşünü genişləndirir, diqqətini şəxsi maraqlarından uzaqlaşdıraraq ətrafındakı insanlara daha çox yönəltməsinə kömək edir.
Ekspert əlavə edib ki, bu təcrübələr insanın daxili sakitliyini qorumasına və görüş zamanı diqqətini tam şəkildə qarşı tərəfə yönəltməsinə şərait yaradır.
"Heyranlıq hissi insanın ətraf aləmlə daha dərin əlaqə qurmasına, daha açıq fikirli və ünsiyyətə daha maraqlı olmasına kömək edə bilər", – deyə Emi Çan bildirib.
Jalə Demokrat.az


