Son illərdə gənclər arasında psixoloji problemlərin artması cəmiyyət üçün narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Stress, depressiya, təşviş pozuntuları və emosional gərginlik halları əvvəlki illərlə müqayisədə daha çox müşahidə olunur. Sürətlə dəyişən həyat tərzi, sosial şəbəkələrin təsiri, akademik və peşəkar təzyiqlər bu problemin əsas səbəbləri sırasında göstərilir. Psixoloji gərginlik gənclərin həm sosial münasibətlərinə, həm də gündəlik həyat keyfiyyətinə birbaşa təsir edir. Bir çox hallarda vaxtında peşəkar dəstəyin alınmaması problemlərin daha da dərinləşməsinə səbəb olur. Mütəxəssislər psixi sağlamlığın qorunması üçün maarifləndirmənin gücləndirilməsini və dəstək mexanizmlərinin əlçatan olmasını vacib sayırlar. Mövcud vəziyyət gənclərin psixoloji rifahının qorunmasının prioritet məsələyə çevrildiyini göstərir.
Məsələ ilə bağlı Demokrat.az-a danışan psixoloq Gülnar Orucova deyib ki, gənclər arasında psixoloji problemlərin, bullinq hallarının və aqressiyanın artmasında bir sıra amillər mühüm rol oynayır:

“Bu məsələdə sosial şəbəkələrin təsiri xüsusilə böyükdür. Sosial platformalarda zorakılıq, təhqir və aqressiya halları tez-tez paylaşılır. Məsələn, kiminsə döyülməsi, incidilməsi və ya zorakılığa məruz qalması ilə bağlı görüntülərin geniş şəkildə yayılması bu cür davranışların yenidən təkrarlanmasına səbəb olur.
Bundan əlavə, valideynlərin övladlarına həddindən artıq sərbəstlik verməsi də problemlərin artmasına təsir edir. Valideyn və övlad arasında müəyyən sərhədlər mütləq olmalıdır. Təəssüf ki, bu sərhədlər getdikcə zəifləyir. Bəzi valideynlər övladlarına hər şeyə icazə verir, istədikləri hər şeyi əldə etmələrinə şərait yaradır. Nəticədə, uşaqlarda hər hansı məqsəd uğrunda mübarizə aparmaq, zəhmət çəkmək və səbir göstərmək istəyi azalır. Onlar hər şeyi asan yolla əldə etməyə alışırlar”.
O qeyd edib ki, gənclər arasında psixoloji problemlərin artmasının əsas səbəblərindən biri də telefonlardan həddindən artıq istifadədir:
“Uzun müddət telefon istifadəsi yuxu rejiminin pozulmasına səbəb olur. Gənclər virtual mühitdə gördükləri davranışları real həyatda təkrarlamağa çalışırlar. Digər mühüm amillərdən biri də fast-food məhsullarının həddindən artıq istehlakıdır. Bu qidaların tərkibində olan bəzi maddələr orqanizmə mənfi təsir göstərərək narahatlıq, gərginlik və psixoloji diskomfort yarada bilir. Eyni zamanda, valideynlərin övladlarına qarşı həddindən artıq yumşaq və mərhəmətli davranması da müəyyən problemlərə yol açır. Valideyn övladı ilə dost münasibəti qura bilər, lakin bu halda belə müəyyən sərhədlər qorunmalıdır. Təəssüf ki, biz çox zaman həmin sərhədlərin qorunmadığını müşahidə edirik”.


