Paltaryuyan maşındakı Eco rejimi resurslara qənaət baxımından ən səmərəli yuma proqramlarından biridir. Onun əsas prinsipi suyun daha aşağı temperaturda qızdırılması və yuyucu vasitənin parçaya daha uzun müddət təsir göstərməsinə imkan yaradılmasıdır. Nəticədə həm elektrik enerjisi, həm də su sərfiyyatı azalır.
Demokrat.az xəbər verir ki, bu barədə "Lovedeco" nəşri yazır.
Nəşrin məlumatına görə, Eco adı "ekonomik" və "ekoloji" anlayışlarından götürülüb. Proqramın əsas məqsədi həm yuma xərclərini azaltmaq, həm də ətraf mühitə təsiri minimuma endirməkdir.
İlk baxışda bu rejim adi proqramlardan ciddi fərqlənməsə də, onun iş prinsipi fərqlidir.
Eco rejimi necə işləyir?
Əsas fərq yuma strategiyasındadır. Adi proqramlar suyu qısa müddətdə yüksək temperatura qədər qızdırdığı halda, Eco rejimi suyu daha yavaş qızdırır və enerji sərfiyyatını minimuma endirməyə çalışır.
Bunun əvəzində paltarların su və yuyucu vasitə ilə təmas müddəti artırılır. Beləliklə, çirklər yüksək enerji sərf etmədən effektiv şəkildə təmizlənir.
Mütəxəssislərin sözlərinə görə, yuma zamanı elektrik enerjisinin ən böyük hissəsi barabanın fırlanmasına deyil, məhz suyun qızdırılmasına sərf olunur. Buna görə də suyun temperaturunun aşağı saxlanılması enerji istehlakını əhəmiyyətli dərəcədə azaldır.
Nəşrdə qeyd olunur:
"Yuma keyfiyyətinin aşağı düşməsinin qarşısını almaq üçün maşın aşağı temperaturu daha uzun yuma müddəti və yuyucu vasitənin parçaya daha uzun təsir etməsinə imkan verən optimallaşdırılmış baraban hərəkətləri ilə kompensasiya edir".
Eco rejimi nə qədər davam edir və nə qədər enerji sərf edir?
Standart proqramlar adətən 1,5–2 saat davam etdiyi halda, Eco rejimi təxminən 3–4 saat çəkə bilər. Bəzi modellərdə tam yükləmə zamanı bu müddət daha da uzun olur.
Uzun işləmə müddətinə görə bəzi istifadəçilər bu proqramın daha çox elektrik sərf etdiyini düşünürlər. Əslində isə vəziyyət əksinədir.
Eco rejimində mühərrik və digər komponentlər optimallaşdırılmış rejimdə işləyir, su isə daha aşağı temperaturda qızdırılır. Buna görə proqram daha uzun çəksə də, ümumi enerji sərfiyyatı azalır.
Eco 40–60 proqramı əsasən normal çirklənmiş, etiketində 40°C və ya 60°C-də yuyula bilər qeyd olunan pambıq və oxşar parçalar üçün nəzərdə tutulub. Proqramın adı yuma zamanı suyun mütləq 40 və ya 60 dərəcəyə qədər qızdırılması demək deyil. Təmizləmə keyfiyyəti yuyucu vasitənin daha uzun təsiri və proqramın optimallaşdırılmış iş prinsipi hesabına təmin edilir.
Sıxma rejimi baxımından Eco proqramı digər proqramlardan ciddi fərqlənmir. Əksər paltaryuyan maşınlarda 1000–1400 dövr/dəqiqə sıxma sürətindən istifadə etmək mümkündür.
Bu proqram üçün xüsusi yuyucu vasitəyə ehtiyac yoxdur. Mütəxəssislər aşağı temperaturda da effektiv işləyən müasir yuyucu toz və ya maye vasitələrdən istifadə etməyi tövsiyə edirlər.
Nəşr vurğulayır: "Son illərdə yuyucu vasitələr məhz sərin suda belə çirki effektiv təmizləmək üçün təkmilləşdirilib. Buna görə də Eco rejimi adi proqramlara yaxın nəticələr verə bilir".
Eco rejimindən nə vaxt istifadə etmək lazımdır?
Bu proqram gündəlik yuma üçün ideal hesab olunur. Geyimlərdə güclü çirk və ya çətin ləkələr yoxdursa, Eco rejimindən istifadə etmək tövsiyə edilir.
Bu proqram aşağıdakılar üçün uyğundur:
* futbolkalar; * köynəklər; * şalvarlar; * yataq dəstləri; * dəsmallar; * pambıq geyimlər; * gündəlik istifadə olunan digər paltarlar.
Aşağı temperatur parçaların daha az köhnəlməsinə, rəngini və formasını daha uzun müddət saxlamasına da kömək edə bilər.
Eco rejimi nə vaxt uyğun deyil?
Əgər paltarlar güclü çirklənibsə və ya üzərində yağ, qan, palçıq, texniki yağ və digər çətin çıxan ləkələr varsa, intensiv və ya yüksək temperaturlu proqramlardan istifadə etmək daha məqsədəuyğundur.
Bundan əlavə, dezinfeksiya tələb olunan tekstil məmulatları üçün də Eco rejimi uyğun hesab edilmir. Xəstə insanların istifadə etdiyi geyimlər, təkrar istifadə olunan parça bezlər və çox çirklənmiş idman geyimləri daha yüksək temperaturlu proqramlarda yuyulmalıdır. Belə proqramlar bakteriyaların miqdarını daha effektiv azaltmağa kömək edir.
Eco rejiminin əsas çatışmazlığı onun uzun çəkməsidir. Əgər paltarları qısa müddətdə yumaq lazımdırsa, sürətli proqram daha praktik seçim ola bilər. Lakin bu halda elektrik enerjisi və su sərfiyyatı adətən daha yüksək olur.
Jalə Demokrat.az


