Sosial media Özəl

Küçə evə köçüb...

Küçə evə köçüb...

Bir vaxtlar valideynlərin ən böyük qorxusu küçə idi. "Hara gedirsən?", "Kimlə oynayırsan?", "Nə vaxt qayıdacaqsan?" sualları hər evdə eşidilirdi. İndi isə uşağın harada olduğunu bilmək kifayət etmir. Otağında oturur, qapı bağlıdır, amma dünyanın o başındakı insanlarla ünsiyyətdədir. Əlində telefon var. O telefon isə bəzən küçədən də təhlükəli ola bilir.

Sosial şəbəkələr həyatımızın bir hissəsidir. Bunu inkar etmək mümkün deyil. Onlar məlumat almaq, öyrənmək, ünsiyyət qurmaq üçün böyük imkanlar yaradıb. Problem sosial şəbəkələrin özündə deyil. Problem uşağın bu dünyaya nə vaxt və necə daxil olmasındadır.

Bu gün altı, yeddi, səkkiz yaşlı uşaqların sosial şəbəkələrdə hesabı olması artıq heç kimi təəccübləndirmir. Bəzən valideyn özü uşağına telefon alır, hesab açır, şəkil paylaşır. Sonra isə "uşaq niyə telefondan ayrılmır?" sualını verir.

Bir sual vermək lazımdır. Həqiqətənmi səkkiz yaşlı uşaq qarşısına çıxan hər videonu, hər paylaşımı, hər mesajı ayırd edə bilir?

Yox.

Çünki bunun üçün təkcə internetdən istifadə etməyi bacarmaq kifayət deyil. Bunun üçün həyat təcrübəsi lazımdır. Tənqidi düşüncə lazımdır. Riski tanımaq bacarığı lazımdır.

Dünyanın müxtəlif ölkələri son illər eyni problemi müzakirə edir. Uşaqları sosial şəbəkələrdən tam uzaqlaşdırmaq olarmı? Yox. Bəs onları qorumaq olarmı? Bəli.

Azərbaycanın qəbul etdiyi yeni qanun da bu müzakirələrin fonunda meydana çıxıb. 16 yaşadək uşaqların sosial şəbəkələrdə hesab açmasına məhdudiyyət qoyulması, 16-18 yaş arasında isə valideyn razılığının tələb edilməsi bəzilərinə sərt görünə bilər.

Amma başqa tərəfdən baxaq.

Heç kim "uşağa siqaret satılmasın" deyəndə bunu azadlığın məhdudlaşdırılması hesab etmir. Heç kim azyaşlının qumar oynamasına, alkoqol almasına və ya yaşına uyğun olmayan filmlərə baxmasına icazə verilməsini hüquq kimi təqdim etmir.

Çünki hamı bilir ki, müəyyən yaşa qədər insanın seçim etmək imkanları ilə seçim etmək bacarığı eyni şey deyil.

Rəqəmsal mühitdə də vəziyyət fərqli deyil.

Bu gün uşaqlar təkcə dostları ilə yazışmırlar. Onlar alqoritmlərlə də üz-üzə qalırlar. Hər baxılan video, hər bəyənmə, hər axtarış onların qarşısına yeni məzmun çıxarır. Bir müddət sonra uşaq seçdiyini izləmir. Qarşısına çıxarılanı izləyir.

Bəlkə də müzakirə etməli olduğumuz əsas məsələ budur.

Bəlkə də sualı yanlış qoyuruq. "Uşaq sosial şəbəkəyə girsin, ya yox?" deyə mübahisə edirik. Halbuki əsas məsələ başqadır. Sosial şəbəkə uşağın qarşısına nə çıxarır? Ona nəyi normal göstərir? Nəyə yönləndirir? Müzakirə etməli olduğumuz suallar da məhz bunlardır.

Çünki problem telefonda deyil.

Problem telefondan gələn təsirdədir.

Əlbəttə, heç bir qanun möcüzə yaratmayacaq. Uşaq istəsə, texniki yollar axtaracaq. Bəziləri yaşını gizlədəcək. Bəziləri başqa hesab açacaq. Dünyanın başqa ölkələrində də belə cəhdlər olur. Amma buna görə qayda qoymamaq da çıxış yolu deyil.

Yol hərəkəti qaydalarını da hamı pozmurmu? Pozur. Buna görə işıqforlar ləğv edilirmi? Xeyr.

Qanun riski tam aradan qaldırmır. Onu azaldır. Cəmiyyətə hansı davranışın doğru olduğunu göstərir.

Burada valideynin üzərinə düşən məsuliyyət isə daha böyükdür. Uşağın telefonunda hansı tətbiqlərin olması qədər, onun həmin tətbiqlərdə nə ilə qarşılaşdığını bilmək də vacibdir. Valideyn nəzarəti qadağa demək deyil. Maraqlanmaq, izah etmək və birlikdə öyrənmək deməkdir.

Məktəbin də rolu az deyil. Uşağa internetdən necə istifadə etməyi öyrətmək artıq riyaziyyat və ya ana dili qədər vacib bacarıqlardan birinə çevrilir.

Texnologiya şirkətlərinin də məsuliyyəti var. Uşaqları platformaya cəlb etmək üçün hazırlanan alqoritmlərdən danışılırsa, onları qoruyacaq mexanizmlərdən də danışılmalıdır.

Bütün bunların fonunda əsas həqiqəti unutmaq olmaz.

Telefon uşağı böyütmür.

Sosial şəbəkədə hesab açmaq insanı yetkin etmir.

Yetkinlik yaşla yanaşı, düşüncə, məsuliyyət və həyat təcrübəsi ilə formalaşır.

Bunların heç biri isə bir düyməyə toxunmaqla əldə olunmur.

Çünki bir kliklə böyümək olmur.

Bəxtiyar Umarlı

D
demokrat.az