Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri rəsmi tərəfdaşlıqda yeni səhifə açır. Avropa rəsmisinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə verilən mesajlar əlaqələrin böyük əhəmiyyətindən xəbər verir. Qlobal enerji bazarlarındakı gərginlik fonunda Avropanın rəsmi Bakıya marağı sürətlə artır. Münasibətlər artıq sadəcə birtərəfli resurs ixracından ibarət deyil. Bu səfər çoxşaxəli strateji əməkdaşlığın inkişafı üçün mühüm dönüş nöqtəsidir. Azərbaycan hazırda qitə üçün təkcə neft və qaz mənbəyi sayılmır. Ölkəmiz regional sülhün təminatçısı, nəqliyyat dəhlizlərinin mərkəzi və yaşıl enerji tərəfdaşıdır.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında deyib ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin Azərbaycana səfəri və Azərbaycan Prezidenti ilə apardığı müzakirələr Avropa İttifaqı–Azərbaycan münasibətlərində yeni strateji mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər:
“Müzakirə olunan mövzular göstərir ki, gündəlikdə hər iki tərəfin uzunmüddətli strateji maraqlarına cavab verən mühüm məsələlər yer alır. Bu məsələlər enerji sahəsindən başlayaraq kommunikasiya layihələrini, nəqliyyat bağlantılarını, eləcə də ticarət və iqtisadi əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edir. Burada diqqət çəkən əsas məqamlardan biri, Avropa İttifaqı ilə Azərbaycan arasında indiyədək əməkdaşlığın əsas ağırlıq mərkəzi sayılan karbohidrogen ehtiyatları və qaz sahəsi ilə yanaşı, iqtisadi inteqrasiyanın yeni istiqamətlərinin də müzakirəyə çıxarılmasıdır. Bu baxımdan, xanım fon der Leyenin xüsusi vurğuladığı enerji və nəqliyyat bağlantıları mövzusu ayrıca əhəmiyyət daşıyır”.
O bildirib ki, bu bağlantılar bir neçə istiqamətdə strateji önəm kəsb edir:
“Əgər bu marşrutlardan biri tarixi Böyük İpək Yolunun Zəngəzur seqmenti ilə bağlıdırsa, digəri fon der Leyenin qeyd etdiyi Transxəzər marşrutu vasitəsilə əlaqələrin genişləndirilməsidir. Hərçənd bu layihələr zahirən sadəcə bağlantı layihələri kimi təqdim olunur, onların daha dərin qatlarında enerji əməkdaşlığının son dərəcə mühüm perspektivləri görünür. Beləliklə, Orta Asiya, Cənubi Qafqaz və Avropa arasında qarşılıqlı inteqrasiya üçün yeni imkanlar formalaşır. Bu imkanlar strateji baxımdan böyük Avrasiya coğrafiyasında XXI əsrin ən mühüm perspektivlərindən biri hesab oluna bilər. Şübhəsiz, söhbət yalnız iqtisadi əlaqələrdən getmir. Bu əməkdaşlıq gələcəkdə regional təhlükəsizlik məsələlərinin təmin olunması baxımından da mühüm rol oynaya bilər. Bütün bunları nəzərə aldıqda, hazırkı mərhələ Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərinin gələcəyini müəyyənləşdirəcək yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilə bilər”.
Beləliklə, bu səfər rəsmi Bakının Avropanın enerji təhlükəsizliyində və logistika zəncirində əvəzsiz aktor olduğunu növbəti dəfə sübut edir.


