Milli Məclisdə sosial şəbəkələrdə uşaqların müdafiəsinin gücləndirilməsini nəzərdə tutan qanunvericilik dəyişikliklərinin üçüncü oxunuşda qəbul edilməsi cəmiyyətdə müzakirələrə səbəb olub. Qanunvericilik təşəbbüsü sosial şəbəkələrin uşaqların həyatına və inkişafına mümkün mənfi təsirlərinin qarşısının alınması, onların fiziki, psixoloji və mənəvi sağlamlığının qorunması məqsədi daşıyır. Araşdırmalar göstərir ki, uşaqların yetkinlik yaşına çatana qədər rəqəmsal mühitin risklərindən qorunması onların daha sağlam və təhlükəsiz mühitdə formalaşmasına töhfə verə bilər.
Məsələ ilə bağlı sosioloq Naib Niftəliyev Demokrat.az-a bildirib ki, bu qanun Milli Məclisin son dövrlərdə qəbul etdiyi ən effektli qanunlardan biridir:
“Şübhəsiz, digər qanunların da nəzəri və praktik əhəmiyyətini inkar etmək doğru olmazdı. Lakin uşaqların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması ilə bağlı bu tənzimləmə daha proqressiv, effektiv və real məzmun kəsb edir. Bu, eyni zamanda cəmiyyətin sosial sifarişidir. Müzakirələrin aparılması təbiidir, qaçılmazdır və gözləniləndir. Belə debatların mövcudluğu cəmiyyətin bu məsələyə həssas yanaşdığını göstərir. İnsanların böyük əksəriyyəti bu problemi adekvat qiymətləndirir, mövzunun incəliklərini araşdırmağa və nəticə çıxarmağa çalışır. Bu isə məsələnin nə qədər aktual olduğunu göstərir. Valideynlər övladlarının davranışında internet asılılığının getdikcə artdığını müşahidə edirlər. Bu gün internet və sosial şəbəkələr hər kəs üçün əlçatandır. Uşaqlar isə yaş xüsusiyyətlərinə görə bu mühitin təsirinə daha tez məruz qalırlar. Müsbət istiqamətdə inkişaf edən uşaqlar da var, lakin əksəriyyət daha çox zərərli kontentə və mənfi vərdişlərə meyllənə bilir”.
O qeyd edib ki, nəticədə internet asılılığı artır, davranış etikası pozulur, söyüş, təhqir və qeyri-etik ifadələr normallaşır:
“Zərərli videoların və uyğun olmayan məzmunun izlənilməsi uşaqların əxlaqına, davranışına və düşüncə tərzinə mənfi təsir göstərir. Hətta son illərdə intihar halları və digər sosial risklər də bu kontekstdə geniş müzakirə olunur. Jurnalistlərin dəfələrlə gündəmə gətirdiyi bu faktlar sosial şəbəkələrin uşaqlara təsirinin ciddi olduğunu təsdiqləyir. Məhz buna görə müəyyən məhdudiyyətlərin tətbiqi və bu sahənin hüquqi çərçivədə tənzimlənməsi zərurətə çevrilib. Burada məqsəd uşaqları internetdən və texnologiyadan məhrum etmək deyil. Əsas məqsəd onların bu imkanlardan nəzarətli, təhlükəsiz və məqsədyönlü istifadə etməsini təmin etməkdir. Müəyyən qapalı şəbəkələrin yaradılması, yalnız icazə verilmiş saytların əlçatan olması, zərərli kontent və reklamların filtrdən keçirilməsi kimi praktik mexanizmlər mövcuddur. Dövlət bu istiqamətdə müəyyən proqramlarla dəstək verə bilər. Xüsusilə məktəblərdə kompüter otaqları bu prinsiplər əsasında tənzimlənməlidir. Məhdudiyyətlər internetin özünə deyil, zərərli kontentə və təhlükəli vərdişlərə qarşı yönəlib. Çünki alqoritmlər istifadəçiləri müxtəlif istiqamətlərə yönləndirir və uşaqlar bu təsirə daha həssasdırlar. Yaş dövrlərinin dinamikası, emosional dəyişikliklər və davranış çevikliyi onları arzuolunmaz məcralara yönəldə bilər”.
Sosioloq əlavə edib ki, bu səbəbdən tənzimləmə çoxdan həyata keçirilməli idi:
“Yenə də gec deyil. Vaxt keçdikcə bu qanun uşaqların real həyata daha çox inteqrasiya olunmasına, fiziki, psixoloji və mənəvi sağlamlığının qorunmasına, həmçinin rəqəmsal texnologiyalardan ağıllı istifadəyə müsbət təsir göstərəcək. Sağlam və təhlükəsiz mühitin yaradılması vacibdir. Uşaqların saatlarla kompüter qarşısında vaxt keçirməsi fiziki problemlərə, hərəkətsizliyə və müxtəlif sağlamlıq risklərinə səbəb olur. Uşaq mütləq idmanla məşğul olmalı, enerjisini düzgün istiqamətə yönəltməlidir. Bu, onun sağlam, faydalı və məsuliyyətli vətəndaş kimi formalaşmasına kömək edir. Uşaqlar qanuna hörmət edən, öz gələcəyini planlaşdıra bilən, dəyərləri anlayan şəxsiyyət kimi yetişməlidirlər. Burada valideynlərin rolu da son dərəcə vacibdir. Müxtəlif pedaqoji üsullar və düzgün ailə nəzarəti bu prosesdə mühüm rol oynayır. Milli Məclisin qəbul etdiyi qanunlar müsbət xarakter daşıyır. Lakin məsələ təkcə qanunun qəbulu ilə yekunlaşmamalıdır. Onun tətbiq mexanizmi, icra mexanizmi və praktiki nəticələri üzərində də ciddi iş aparılmalıdır. Millət vəkillərinin bu mövzuda maarifləndirici çıxışları, ictimai müzakirə platformalarının yaradılması da faydalı olar. İctimai rəy, ictimai qınaq və sağlam ictimai davranış bu məsələdə mühüm faktorlardır. Xüsusilə Milli Məclisin müvafiq komitələrinin ardıcıl fəaliyyəti vacibdir. Gələcək nəslin təhlükəsizliyi rəqəmsal mühitlə birbaşa bağlıdır. Uşaqların vaxtından əvvəl və nəzarətsiz şəkildə rəqəmsal mühitə daxil olması ciddi sosial risklər yaradır. Bu risklərin qarşısını almaq üçün qabaqlayıcı, preventiv və proqnozlaşdırıcı tədbirlər zəruridir. Ən mühüm nəticələrdən biri gələcəkdə uşaqların böyük əksəriyyətinin internetin məsuliyyətsiz bir məkan olmadığını dərk etməsi olacaq. Onlar internetdəki kontentin hüquqi və etik çərçivələr daxilində tənzimləndiyini anlamalıdırlar. Sosial məsuliyyət hissinin uşaqlara erkən yaşlardan aşılanması olduqca vacibdir. Son illərdə xüsusilə sosial media fenomenləri və müxtəlif platformalarda yaş məhdudiyyətlərinin pozulması etik problemləri daha da artırıb. Saxta hesablar, anonim kontent və məsuliyyətsiz paylaşım imkanlarının məhdudlaşdırılması bu baxımdan mühüm addımdır. Milli Məclisin son qərarları bu sahədə pozitiv hüquqi çərçivə formalaşdırır. Lakin bu iş bununla bitməməlidir. Qanunla yanaşı, onun real tətbiqi və kütləvi şəkildə icrası da təmin olunmalıdır. Məhz bu halda gözlənilən müsbət nəticələr əldə edilə bilər”.


