Sosial Özəl

Videoqeydiyyatçıya düşən hər görüntünü paylaşmaq olmaz — Açıqlama

Videoqeydiyyatçıya düşən hər görüntünü paylaşmaq olmaz — Açıqlama

Yollarda hər gün minlərlə avtomobil videoregistrator vasitəsilə müxtəlif hadisələri qeydə alır. Bu görüntülər bəzən qəzaların araşdırılmasında, bəzən isə sosial şəbəkələrdə geniş yayılmasında istifadə olunur. Bəs avtomobillərdə quraşdırılan videoregistratorların çəkdiyi görüntüləri paylaşmaq qanunidirmi?

Mövzu ilə bağlı vəkil Ruslan Müzəffəri Demokrat.az-a bildirib ki, məsələ avtomobilə quraşdırılan registratorun nəyi qeydə almasından asılıdır:

"Videoregistrator yalnız yol hərəkətini və ümumi prosesi çəkirsə, həmin görüntülərin paylaşılmasında heç bir problem yoxdur. Yox, əgər avtomobili haradasa saxlamısınızsa və registrator kiminsə şəxsi həyatı ilə bağlı görüntüləri qeydə alıbsa, yəni həmin görüntülər şəxsin şəxsi həyatına müdaxilə edə və ya onun təhqir olunmasına səbəb ola bilərsə, onların paylaşılması düzgün deyil, qanunsuz və əsassızdır. Amma avtomobillə hərəkət zamanı hər hansı hadisə baş verərsə və ya maraqlı bir məqam qeydə alınarsa, həmin görüntülərin paylaşılması qanunsuz hesab edilmir və bu, normal haldır",- deyə o qeyd edib.

Beləliklə, avtomobillərdə quraşdırılan videoregistratorların çəkdiyi görüntülərin paylaşılması hər zaman qanun pozuntusu sayılmır. Əsas meyar görüntünün məzmunu və onun şəxslərin hüquq və azadlıqlarına təsiridir. Yol hərəkəti zamanı baş verən hadisələrin, qəzaların və ictimai məkanda qeydə alınan ümumi görüntülərin paylaşılması qanunvericiliyə zidd hesab edilmir. Lakin görüntülər kiminsə şəxsi həyatına müdaxilə edir, şəxsi məlumatlarını ifşa edir və ya şərəf və ləyaqətinə xələl gətirə biləcək məqamları əks etdirirsə, onların yayılması hüquqi məsuliyyət yarada bilər.

Əfsanə Kamal

D
demokrat.az