Sosial Özəl

"Bu qərar uşaqların həm psixoloji, həm də fizioloji inkişafına müsbət təsir göstərəcək"

Bu qərar uşaqların həm psixoloji, həm də fizioloji inkişafına müsbət təsir göstərəcək

Yeni qanun layihəsi ilə uşaqların virtual mühitdə keçirdiyi vaxtın məhdudlaşdırılması gündəmdədir. Bu dəyişiklik uşaqların real həyatda daha aktiv olmasına, dostluq münasibətlərinin möhkəmlənməsinə və sosial bacarıqlarının inkişafına müsbət təsir göstərə bilər. Bəs virtual mühitdən uzaq qalan uşaqların real dünyada oyun, dostluq və sosial adaptasiya prosesi necə müsbət dəyişəcək?

Mövzu ilə bağlı psixoloq Fidan Canbabazadə Demokrat.az-a bildirib ki, xüsusilə sosial şəbəkələrə bağlılığı olan uşaqlar üçün ilkin mərhələ çox çətin ola bilər:

"Çünki təəssüf ki, son dövrlər nəinki uşaqlarda, həmçinin böyüklərdə də sosial şəbəkə asılılığı həddindən artıq artıb. Nəzərə almaq lazımdır ki, bu tip oyunlar, ümumiyyətlə, sosial şəbəkələr və internetdən həddindən artıq istifadə ilk növbədə diqqəti zəiflədir və diqqətin cəmlənmə səviyyəsini aşağı salır. Bu təsir təkcə uşaqlarda deyil, böyüklərdə də müşahidə olunur. Digər tərəfdən bu, uşaqların təxəyyülünü də zəiflədir. Əvvəllər internet və sosial şəbəkələrin olmadığı dövrdə uşaqlar öz təxəyyülləri hesabına müxtəlif oyunlar qururdular. İndi isə onlar daha çox izlədiklərini təkrarlayırlar. Hər hansı oyuna və ya cizgi filminə baxır, sonra da gördüklərini təqlid edərək oyun yaratmağa çalışırlar".

Psixoloq deyib ki, bu isə onların həm sosiallaşmasını zəiflədir, həm təxəyyülünün, həm də problem həll etmə bacarıqlarının inkişafına mənfi təsir göstərir:

"Buna görə də belə məhdudiyyətlər uşaqların həm psixoloji, həm də fizioloji inkişafına müsbət təsir göstərəcək. Uzun müddət telefon, planşet və ya televizor qarşısında vaxt keçirmək fizioloji baxımdan faydalı deyil. Psixoloji baxımdan isə sosial əlaqələr güclənəcək. Çünki uzun müddət virtual aləmdə vaxt keçirən uşaqlar, eləcə də böyüklər canlı ünsiyyətdən uzaqlaşırlar. Bu məhdudiyyətlər uşaqların sosial əlaqələrinin genişlənməsinə, problem həll etmə bacarıqlarının inkişafına, təxəyyüllərinin güclənməsinə və real həyata daha çox uyğunlaşmalarına ciddi töhfə verəcək", - deyə o qeyd edib.

Əfsanə Kamal

D
demokrat.az