Sosial Özəl

Azərbaycanda bu şəxsləri işə çətinliklə götürürlər — Açıqlama

Azərbaycanda bu şəxsləri işə çətinliklə götürürlər — Açıqlama

Azərbaycanda bir çox iş elanlarında yaş məhdudiyyəti və xarici görünüşlə bağlı tələblər hələ də açıq və ya gizli şəkildə qalmaqdadır. Xüsusilə “25-35 yaş arası”, “xoş görünüşlü xanım”, “gənc kollektivə uyğun” kimi ifadələr illərlə təcrübəsi olan insanların əmək bazarından kənarda qalmasına səbəb olur. Bir çox vətəndaş 35 yaşdan sonra yeni iş tapmağın çətinləşdiyini, bəzi hallarda isə peşəkar bacarıqdan çox yaş və görünüşün ön plana çəkildiyini deyir. Bu isə əmək bazarında gizli diskriminasiya ilə bağlı narahatlıqları artırır.

İnsan resursları meneceri Röyal Əhmədov Demokrat.az-a açıqlamasında deyib ki, hazırda əmək bazarına nəzər saldıqda şirkətlər tərəfindən paylaşılmış bəzi vakansiyalarda müəyyən diskriminasiya halları ilə qarşılaşırıq:

Azərbaycanda bu şəxsləri işə çətinliklə götürürlər — Açıqlama

“Xüsusilə iş elanlarında yaş həddinin aşağı müəyyən edilməsi, məsələn 25-35 yaş aralığının göstərilməsi, eləcə də cins fərqinə görə “xanım namizəd” və ya “bəy namizəd” tələblərinin qeyd olunması diqqət çəkir. Bəzi hallarda isə xarici görünüşlə bağlı tələblər də irəli sürülür. Halbuki Əmək Məcəlləsinə əsasən, cinsindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqları var. Təbii ki, bəzi fəaliyyət sahələrində müəyyən cins fərqinin qoyulmasını başa düşmək olar. Məsələn, tikinti, ağır sənaye və ya fiziki güc tələb edən sahələrdə bəy namizədlərə üstünlük verilməsi müəyyən qədər məntiqli hesab oluna bilər. Eyni zamanda fəhlə, usta və ya bəzi rəhbər vəzifələr üçün bu cür tələblər daha uyğun görünür. Digər tərəfdən, xidmət sektorunda fəaliyyət göstərən bəzi şirkətlər reputasiya və iş prinsiplərinə uyğun olaraq xanım namizədlərə üstünlük verirlər. Məsələn, ofis meneceri, direktor köməkçisi, referent və buna bənzər vəzifələrdə xanım namizədlərin axtarılması tez-tez rast gəlinən hallardandır. Lakin elanlarda xarici görünüşlə bağlı xüsusi tələblərin qeyd olunması artıq diskriminasiya görüntüsü yaradır və bu da şirkət haqqında mənfi fikir formalaşdıra bilər”.

O bildirib ki, ümumilikdə isə yaş və cins məhdudiyyətlərinin açıq şəkildə qeyd olunması əmək bazarında gizli diskriminasiya mühiti yaradır:

“Digər tərəfdən, bəzi şirkətlər bildirirlər ki, bu tələblər qeyd olunmadıqda vakansiyalara çoxsaylı uyğun olmayan müraciətlər daxil olur. Məsələn, şirkət xanım namizəd axtardığı halda çox sayda bəy namizəd müraciət edir və nəticədə geri dönüş almadıqda onlarda psixoloji narahatlıq yaranır. Eyni vəziyyət yaş həddi ilə bağlı da müşahidə olunur. Avropa ölkələri ilə müqayisədə Azərbaycan əmək qanunvericiliyi bir çox hallarda daha sosial yönümlü və işçi hüquqlarını qoruyan formada qurulub. Lakin Avropanın bəzi ölkələrində yaş və cins fərqinin iş elanlarında qeyd olunması qadağandır. Azərbaycanda isə bu hallar hələ də tətbiq olunur. Bunun müəyyən praktik tərəfləri olsa da, ümumi mahiyyət etibarilə diskriminasiya təsiri yaradır. Çünki yaş və ya cins məhdudiyyəti qoyulduqda digər şəxslərdə psixoloji təsir və kənarda qalmaq hissi formalaşır. Bu kimi halların qarşısı qanunvericiliyin tələblərinə uyğun şəkildə tənzimlənməlidir. Şirkətlərin gənc və aktiv əməkdaş axtarması təbii haldır. Lakin vakansiya elanlarında diskriminasiya yarada biləcək məqamların minimuma endirilməsi daha doğru yanaşma olar”.

Leyla Turan

D
demokrat.az