Quba rayonunda 44 yaşlı kişi 10 il evli olduğu qadına şiddət göstərib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, üç uşaq atası olan 1982-ci il təvəllüdlü Teymur birgə yaşadıqları evdə arvadı Tamara (adlar şərtidir – red.) ilə mübahisə edib.
Teymur arvadının mobil telefonundan istifadə etdiyinə görə aralarında yaranmış mübahisə zamanı baş nahiyəsindən yumruqla vuraraq ona xəsarətlər yetirib.
Faktla bağlı Teymurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Teymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2010-cu ildə 2010-cu ildə Tamara ilə rəsmi nikah bağlayıb, həmin nikahdan 3 övladları var:
“Son vaxtlar aramızda ailə məişət zəminində mübahisələr yaranır. Sonuncu dəfə məlum hadisə günü, saat 23 radələrində evdə olduğumuz zaman Tamaranın mobil telefonundan istifadə etdim. Tamara məndən telefonunu kobud şəkildə istədi. Buna əsəbiləşərək onun başından və üzündən yumruqla vurdum. O, telefonda kişilərin adlarını başqa ad kimi qeyd edirdi deyə telefona baxmışam”.
Təqsirləndirilən şəxs deyib ki, məlum hadisədən sonra Tamara atasının evinə gedib. O, ifadəsinin sonunda əməlindən peşman olduğunu bildirib.
Zərərçəkmiş Tamaranın sözlərinə görə, evlilik müddətində Teymur onunla mübahisələr, söz-söhbətlər edərək onu döyüb:
“Lakin uşaqlarıma görə bu illər dözmüşəm. Sonuncu dəfə məlum hadisə günü, saat 23 radələrində evdə olduğumuz zaman Teymur mobil telefonumdan icazəsiz istifadə etdiyinə görə ondan telefonumu istədim. O, telefonumda qumar oyunları oynadığına görə telefonumdan istifadə etməsini istəməmişəm. Lakin bunun qarşılığında o, mənim üzümdən və başımdan vurub. Əvvəllər də bu kimi hallara dəfələrlə yol verib. Bir dəfə də polisdə işlərimiz olanda onu bağışlamışam”.
Zərərçəkmiş şəxs ifadəsinin sonunda təqsirləndirilən şəxs ilə barışmadığını və onun barəsində qanuna müvafiq tədbir görülməsini xahiş edib.
Quba Rayon Məhkəməsinin hökmü ilə Teymur aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğdə pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.


