Sosial Özəl

"Təəssüf ki, Azərbaycanda bu problem geniş yayılıb"

Təəssüf ki, Azərbaycanda bu problem geniş yayılıb

Xəzər dənizi sahilinin bir hissəsinin hasarlanması və vətəndaşlardan giriş üçün ödəniş tələb olunması son dövrlərdə müzakirələrə səbəb olan məsələlərdən biridir. Qanunvericiliyə görə, sahil zonaları ümumi istifadəyə açıq olmalı və hər kəsin sərbəst şəkildə istifadə hüququ təmin edilməlidir.

Belə olan halda Xəzər dənizi sahilini hasarlayıb vətəndaşdan pul tələb edən şəxslərə qarşı hansı hüquqi tədbirlər görülməlidir?

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, həvəskar şəkildə dünyanın Şimal Buzlu Okeanından başqa bütün okean sahillərində olub:

"Çoxsaylı dənizlərdə də olmuşam. Hazırda isə bir Avropa ölkəsindəyəm və Adriatik dənizi sahilindəyəm. Burada diqqətimi çəkən odur ki, həm pullu, həm də tam təhlükəsizliyi təmin olunan pulsuz çimərliklər var. Heç kim çimərliyi hasarlamayıb.Təəssüf ki, Azərbaycanda bu problem geniş yayılıb. İctimai nəzarətlə bağlı təşəbbüslərə dəfələrlə demişəm ki, real nəzarət o zaman görünər ki, dənizi hasarlayan yerlərin hasarları aradan qaldırılsın".

Ekspert deyib ki, dəniz sahilləri bələdiyyələrin nəzarətinə verilməli, təhlükəsizliyi təmin olunan və vətəndaşların sərbəst istifadə edə bildiyi pulsuz çimərliklər olmalıdır:

"Türkiyə kimi ölkələrdə həm pullu, həm də pulsuz çimərliklər mövcuddur və insanlar sərbəst şəkildə istifadə edirlər. Dincəlmək üçün çarpayı və digər xidmətlərin icarəsi isə mümkündür.

Təəssüf ki, bəzi yerlərdə çimərliklərə girişə şlaqbaum qoyulur, ödəniş alınır, lakin kassa çeki verilmir. Bu vəziyyət qanunvericilikdə dəyişiklik tələb edir. Əgər mövcud qanunlar varsa, icra olunmalıdır. Çimərliklər bələdiyyələrin tam nəzarətində olmalı, bu cür hallar aradan qaldırılmalıdır. Bu, istehlakçı hüquqlarının pozulmasıdır. Xəzər dənizi də daxil olmaqla, ümumilikdə dəniz sahillərində bu problemə son qoyulmalıdır",- deyə o qeyd edib.

Əfsanə Kamal

D
demokrat.az