Texnologiya Özəl

"Bu sistem həm iş adamlarının, həm də vətəndaşların vaxtına qənaət edəcək"

Bu sistem həm iş adamlarının, həm də vətəndaşların vaxtına qənaət edəcək

Dövlət xidmətlərinin rəqəmsallaşması vətəndaşlar və sahibkarlar üçün yeni mərhələyə qədəm qoyur. Müxtəlif dövlət qurumlarının xidmətləri tezliklə vahid platformada cəmləşəcək. Bu məqsədlə "mygov" və "mygov biznes" platformalarının imkanları genişləndirilir. Layihə fərqli tətbiqlər arasında keçid etmək məcburiyyətini tamamilə aradan qaldıracaq. İstifadəçilər eyni məlumatları sistemə təkrarən daxil etmək dərdi çəkməyəcəklər.

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Demokrat.az-a bildirib ki, əsas məsələ kiber təhlükəsizliklə bağlıdır:

"Ayrı-ayrı dövlət qurumlarının fərqli sayt və platformalarda fəaliyyət göstərməsi kiber hücum risklərini artırır və təhlükəsizliyin vahid şəkildə təmin edilməsini çətinləşdirirdi. Xidmətlərin daha qorunan vahid virtual mühitdə birləşdirilməsi isə kiber hücumların qarşısının alınmasına, təhlükəsizlik tədbirlərinin daha effektiv tətbiqinə və sistemə nəzarətin gücləndirilməsinə imkan verə bilər.

Bununla yanaşı, platformaların vahid ekosistemdə birləşdirilməsi həm iş adamlarının, həm də vətəndaşların vaxtına qənaət edəcək, dövlət xidmətlərindən istifadəni daha rahat və operativ edəcək. Lakin bu sistemin real üstünlüklərini yalnız tam istifadəyə verildikdən sonra qiymətləndirmək mümkün olacaq. Onun praktikada necə işləyəcəyi, istifadəçilər üçün hansı üstünlükləri və ya çatışmazlıqları ortaya çıxaracağı məhz tətbiq mərhələsindən sonra aydın görünəcək" , - deyə o qeyd edib.

Qısası, rəqəmsal xidmətlərin vahid mərkəzdə toplanması həm kiber təhdidləri azaldacaq, həm də vətəndaşların sənəd toplamaq qayğısına son qoyacaq.

Əfsanə Kamal

D
demokrat.az