Bu gün Azərbaycanda onlarla dövlət qurumu və təşkilatı vətəndaşlara rəqəmsal xidmətlərini ayrı-ayrı platformalar və mobil tətbiqlər üzərindən təqdim edir. Bu xidmətlərin vahid ekosistem altında birləşdirilməsi istifadə rahatlığını artırmaq, xidmətlərə çıxışı sadələşdirmək və idarəetmədə çevikliyi təmin etmək baxımından mühüm addım hesab olunur. Lakin fərqli texnoloji infrastruktur, məlumat bazaları və təhlükəsizlik standartlarına malik sistemlərin bir platformada inteqrasiyası müəyyən texniki riskləri də gündəmə gətirir. Xüsusilə məlumat sızması, kibertəhlükəsizlik boşluqları, sistem uyğunsuzluğu və xidmət fasilələri kimi məsələlər belə keçid prosesində əsas çağırışlar sırasında yer alır. Bu baxımdan, vahid rəqəmsal ekosistemin necə qurulacağı və keçidin maksimum təhlükəsizliklə necə təmin ediləcəyi aktual müzakirə mövzularından biridir.
Bu barədə İnformasiya Texnologiyaları üzrə mühəndis, tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Demokrat.az-a açıqlama verib.

Onun sözlərinə görə, onlarla dövlət qurumunun fərdi tətbiqlərinin vahid ekosistemə inteqrasiyası böyük üstünlük yaradır:
“Ən əsas imkan odur ki, vətəndaş artıq hər xidmət üçün ayrıca tətbiq axtarmır, müxtəlif qurumların xidmətlərinə vahid platformadan çıxış əldə edir. Bu, həm istifadəçi rahatlığını artırır, həm də dövlət xidmətlərinin idarə olunmasını daha sistemli edir. Texniki baxımdan vahid ekosistem dövlət informasiya sistemləri arasında məlumat mübadiləsini sürətləndirir. Qurumlar bir-birindən kağız sənəd və ya ayrıca arayış tələb etmək əvəzinə, lazımi məlumatı təhlükəsiz API-lər vasitəsilə real vaxt rejimində əldə edə bilirlər.
İnteqrasiya proaktiv xidmətlər üçün də əsas yaradır. Məsələn, vətəndaşın hüququ yarandıqda sistem bunu avtomatik müəyyən edə və xidmət müraciət olmadan təqdim edilə bilər. Pensiya, sosial müavinət, sənəd müddətinin bitməsi barədə bildirişlər və oxşar xidmətlər daha çevik şəkildə həyata keçirilə bilər. Vahid ekosistem həm də süni intellekt və analitika imkanlarını genişləndirir. Fərqli qurumlardan gələn məlumatlar standartlaşdırıldıqda dövlət vətəndaş ehtiyaclarını daha yaxşı analiz edə, xidmətləri fərdiləşdirə, riskləri əvvəlcədən görə və qərar qəbulunu daha uyğun edə bilər. Amma risklərdən biri vahid platformanın “single point of failure”ə çevrilməsidir. Yəni bütün xidmətlər bir mərkəzdə toplandıqda həmin platformada yaranan nasazlıq, kiberhücum və ya konfiqurasiya səhvi bir neçə qurumun xidmətinə eyni anda təsir göstərə bilər. Ona görə də təcrübədə mərkəzləşmiş giriş, federativ arxa plan yanaşması tətbiq oluna bilər. Ən vacib prinsip budur: istifadəçi təcrübəsi vahid olmalıdır, amma məlumatlar fiziki olaraq mərkəzləşdirilməməlidir. Hər qurum öz məlumatının sahibi qalır, ekosistem isə yalnız API-lər vasitəsilə, sorğu əsasında, minimum lazımi məlumatı çəkir. Estoniyanın X-Road modeli buna klassik nümunədir”.
O qeyd edib ki, yəni bütün xidmətlər vahid “mygov” ekosistemində görünməli, lakin arxa tərəfdə mikroservis prinsipi ilə bir-birindən ayrılmış şəkildə işləməlidir:
“Hər qurumun xidməti ayrıca modul kimi fəaliyyət göstərməli, bir modulda problem yarandıqda digər xidmətlər dayanmalı deyil. API Gateway, güclü autentifikasiya, çoxfaktorlu identifikasiya, şifrələnmiş məlumat mübadiləsi və davamlı monitorinq bu modelin əsas elementləri olmalıdır. Ən vacib məsələlərdən biri məlumatların qorunması və giriş hüquqlarının dəqiq idarə edilməsidir. Hər qurum yalnız öz səlahiyyəti daxilində olan məlumatlara çıxış əldə etməlidir. Bunun üçün “Zero Trust” yanaşması tətbiq olunmalı, yəni sistem daxilində heç bir istifadəçi, qurum və servis avtomatik etibarlı hesab edilməməlidir. Hər sorğu ayrıca yoxlanılmalı, identifikasiya edilməli, icazələndirilməli və loglaşdırılmalıdır. Sistemin dayanıqlılığı üçün ehtiyat infrastruktur, yük balanslaşdırma, fövqəladə bərpa planı, real vaxt monitorinqi, SOC nəzarəti və müntəzəm təhlükəsizlik testləri vacibdir. Yeni inteqrasiyalar birbaşa əsas sistemə qoşulmamalı, əvvəlcə test mühitində yoxlanılmalı, penetrasiya testindən və təhlükəsizlik auditindən keçirilməlidir.
Beləliklə, vahid ekosistem həm vətəndaş üçün rahat, həm də dövlət üçün təhlükəsiz və idarəolunan rəqəmsal platformaya çevrilə bilər. Qeyd edilən məqamlar beynəlxalq təcrübədə istifadə olunan qaydalardır və təhlükəsizliklə bağlı yanaşmalardır. Təbii ki, ciddi dövlət layihələrində bu məqamlar xüsusi və ciddi formada nəzərə alınaraq həyata keçirilir”, - o fikrini yekunlaşdırıb.


