Türkiyədə kafe və restoranlarda tətbiqinə başlanılan “şəffaf menyu” və kalori hesabı qaydası qida sektorunda yeni müzakirələrə səbəb olub. İstehlakçı hüquqlarının qorunması və daha məlumatlı seçim imkanının yaradılması məqsədi daşıyan bu sistemin Azərbaycanda da tətbiq edilib-edilməyəcəyi maraq doğurur. Aydın məsələdir ki, hər yeməyin kalorisinin hesablanması, laborator analizlərin aparılması və rəqəmsal QR-kod sisteminin qurulması restoranlar üçün əlavə xərc yarada bilər. Bu isə son nəticədə menyu qiymətlərinin artmasına və xidmət sektorunda yeni qiymət dalğasına səbəb ola biləcəyi ehtimalını gündəmə gətirir.
Bəs Türkiyədə qüvvəyə minən bu model Azərbaycanda da reallaşarsa, restoranlarda qiymətlərə təsiri necə olacaq?
Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda belə qaydaların tətbiq olunmasına ehtiyac yoxdur:
“Bu sistem hətta Türkiyədə də uzunmüddətli və işlək olmayacaq, müəyyən müddətdən sonra orada da ləğv ediləcək. Çünki bunun istehlakçı hüquqlarının qorunması ilə birbaşa əlaqəsi yoxdur. Əksinə, bu cür qaydalar biznes subyektləri üçün əlavə xərc yaradır. Xüsusilə restoran və kafelər üçün bu, əlavə maliyyə yükü deməkdir.
Onsuz da Türkiyədə qiymətlər kifayət qədər yüksəkdir və inflyasiya ciddi səviyyədədir. Belə bir şəraitdə kafelər və restoranlar bu qaydalara əməl etmək üçün əlavə xərclər çəkməli olacaqlar”.
O deyib ki, dövlət biznesin fəaliyyətinə qanunlar vasitəsilə nə qədər çox müdaxilə edirsə, bir o qədər problemlər yaranır:
“Bu müdaxilələr xərclərin artmasına səbəb olur, xərclər artdıqca isə qiymətlər də bahalaşır. Bu, uzun illərdir mövcud olan iqtisadi mexanizmdir. Dövlətlərin mövcud olduğu dövrdən etibarən bu tendensiya müşahidə olunur. Buna görə də biznes sahəsində dövlətin daha az müdaxiləsinə ehtiyac var. Dövlət daha çox ədalətli nəzarətçi rolunda çıxış etməlidir”.


