Sosial Özəl

Bakı məhəllələri elektromobillərə hazır deyil

Bakı məhəllələri elektromobillərə hazır deyil

Elektrikli avtomobillərin sayının artması yaşayış binalarında enerji doldurma infrastrukturuna olan tələbatı da sürətlə yüksəldir. Yeni tikililərdən tutmuş mövcud yaşayış komplekslərinə qədər bu ehtiyac gündəlik həyatın ayrılmaz hissəsinə çevrilir. Mövcud binalar bu keçidə nə dərəcədə hazırdır?

Mövzu ilə bağlı iqtisadçı Vüqar Oruc Demokrat.az-a bildirib ki, elektrik avtomobillərinin artması yaşayış binalarında enerji doldurma məntəqələrinə ehtiyacı artırıb:

Bakı məhəllələri elektromobillərə hazır deyil

"Binaların konstruksiyası və əvvəlcədən planlaşdırma elektrik doldurma avadanlıqlarının yerləşdirilməsinə kifayət qədər imkan yaratmır. Bu baxımdan ayrı-ayrı vətəndaşlar yaşadıqları binalarda, park yerlərində və binaaltı parkinqlərdə həmin avadanlıqların quraşdırılmasını və qoşulmasını müvafiq ödənişlərlə təmin edə bilirlər. Amma ümumilikdə tam elektrik avtomobillərinə keçid üçün binalarda mövcud şərait yoxdur".

Ekspert deyib ki, gələcəkdə mənzil alan vətəndaşlar üçün əsas suallardan biri elektrik avtomobillərinin doldurulma imkanları olacaq və bu cür binalara tələbat artacaq:

"Lakin düşünürəm ki, zaman keçdikcə elektrik avtomobillərinin istifadəsinin insan sağlamlığına təsiri tam araşdırıldıqdan sonra bu sahədə daha ehtiyatlı yanaşma formalaşa bilər. Hazırda isə bu avtomobillər benzin və dizel mühərrikli nəqliyyat vasitələri ilə müqayisədə daha əlçatan və nisbətən ucuzdur, buna görə də tələbat yüksəkdir.

Bununla belə, qiymətlərdə artım müşahidə olunur və bu da seçimlərə təsir edə bilər. Ümumilikdə binalar bu prosesə hazır deyil. Lakin yaxın gələcəkdə müxtəlif ərazilərdə, necə ki, yanacaqdoldurma məntəqələri var, elektromobillər üçün də şarj məntəqələrinin qurulması gözlənilir və ya mövcud yanacaqdoldurma məntəqələrində əlavə infrastruktur yaradılacaq. Bina parkinqlərində isə məhdud sayda belə imkanlar mövcuddur, lakin bütün avtomobillər elektrik olarsa, ciddi problemlər yarana bilər. Çünki tikinti və planlaşdırma mərhələsində elektromobillər üçün xüsusi infrastruktur nəzərə alınmayıb. Gələcəkdə isə tikinti sektoru bu amili mütləq nəzərə alacaq" , - deyə o bildirib.

Əfsanə Kamal

D
demokrat.az