Tovuz rayonunda kişi evdən onun icazəsi olmadan çıxan həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1978-ci il təvəllüdlü Bahəddin yaşadığı evdə həyat yoldaşı Mədinənin (adlar şərtidir – red.) onun icazəsi olmadan evdən getməsi səbəbindən aralarında yaranan mübahisə zamanı qadının sifət nahiyəsinə bir dəfə yumruqla, sol ayaq nahiyəsinə isə bir dəfə təpiklə zərbə vurub.
Faktla bağlı Bahəddinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Bahəddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğuldur:
“Zərərçəkmiş Mədinə mənim həyat yoldaşımdır, lakin rəsmi nikahımız olmayıb. Birgə yaşayışımızdan övladımız dünyaya gəlib. Təxminən üç ildir birlikdə yaşayırıq. Münasibətlərimiz yaxşı olub, aramızda hər hansı ədavət olmayıb. Hazırda Tovuz rayonunun kəndlərindən birində ata yurdumda yerləşən evdə Mədinə ilə birlikdə yaşayırıq”.
Bahəddin bildirib ki, hadisə günü saat 17 radələrində işdən evə qayıdıb:
“Mən evə gələndə Mədinəni evdə tapa bilmədim. Bir neçə dəfə ona məxsus mobil nömrəyə zəng etdim, lakin zəng çatmadı. Təxminən 10 dəqiqə sonra Mədinə evə gəldi. Ondan harada olduğunu soruşdum.
O dedi ki, evdəki zibilləri atmağa gedib. Məndən icazəsiz evdən getməsinə əsəbiləşdim və əvvəlcə sol göz nahiyəsinə bir dəfə yumruqla zərbə vurdum. Sonra isə sol ayağına bir dəfə təpiklə zərbə endirdim. Bundan sonra evdən çıxdım”.
Tovuz Rayon Məhkəməsində aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Bu səbəbdən qadın ona qarşı şikayətini geri götürüb.
Məhkəmə bu halları nəzərə alaraq Bahəddinin barəsində cinayət təqibinə xitam verib və onu cinayət məsuliyyətindən azad edib.


