“Yeni tikili binalarda çox az sayda layihədə mərkəzləşdirilmiş istilik sistemi tətbiq olunur"
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, hazırkı vəziyyətdə ölkə üzrə, xüsusilə paytaxt Bakı, Abşeron və Sumqayıt kimi böyük şəhərlərə nəzər salsaq, əsasən köhnə çoxmənzilli binaların bir hissəsində mərkəzi istilik sistemi mövcuddur:
“Yeni tikili binalarda çox az sayda layihədə mərkəzləşdirilmiş istilik sistemi tətbiq olunur. Amma ümumilikdə həm köhnə, həm yeni çoxmənzilli binalarda, eləcə də fərdi yaşayış evlərində isitmə üçün əsasən kombi aparatlarından istifadə edilir. Təkcə Bakı şəhərində təxminən 1 milyona yaxın daşınmaz əmlak mövcuddur və onların böyük hissəsi təxminən 85-90 faizi yaşayış evləri, fərdi yaşayış sahələri və mənzillərdir. Bir şəhərdə bu qədər kombi aparatının işləməsi isə xüsusilə ekoloji baxımdan ciddi problemlər yaradır. Çünki hər bir kombi işlədiyi zaman ondan çıxan zərərli qazlar atmosferə yayılır, hətta külək vasitəsilə bir mənzildən digər mənzilə keçərək insan sağlamlığı üçün risk formalaşdırır”.
O deyib ki, vətəndaşlar xüsusilə qış aylarında mənzilləri isitmək üçün ciddi məbləğdə qaz pulu ödəyirlər:
“Mənzilin kvadratına uyğun olaraq aylıq ödənişlər təxminən 50 manatdan başlayaraq bir neçə yüz manata qədər yüksələ bilir. Əgər bu sistem mərkəzləşdirilmiş şəkildə qurularsa, yeni qazanxanalar tikilərək binalar vahid istilik sistemi ilə təmin olunarsa, bu həm vətəndaşların büdcəsinə müsbət təsir edər, həm də ekoloji çirklənmənin qarşısını müəyyən qədər almış olar. Bundan əlavə, bir kombi aparatının orta qiyməti təxminən 1000 manat təşkil edir. Mənzil təmiri zamanı vətəndaşlar kombi sistemi üçün əlavə xərc çəkməli olurlar. Mərkəzləşdirilmiş istilik sistemi geniş tətbiq olunarsa, insanlar bu xərclərdən də azad ola bilərlər. Təbii ki, bu prosesin birdən-birə həyata keçirilməsi mümkün deyil. Mövcud kombi sistemlərinin tam ləğvi üçün ilk növbədə alternativ istilik infrastrukturu yaradılmalıdır. Yeni qazanxanalar tikilməli, istilik xətləri və boru sistemləri çəkilməlidir. Yalnız bundan sonra kombi sistemlərinin mərhələli şəkildə azaldılması məsələsi gündəmə gələ bilər. Əks halda, vətəndaş alternativ istiliklə təmin olunmadan mövcud isitmə vasitəsinin ləğv edilməsi real deyil.
Hesab edirəm ki, gələcəkdə bu sistem tam formalaşarsa və vətəndaşların mənzilləri lazımi səviyyədə istiliklə təmin olunarsa, insanlar da bundan razı qalacaqlar. O ki qaldı bazar dəyərinə, mənzilin isitmə sisteminin mərkəzi və ya kombi olması daşınmaz əmlakın satış qiymətinə ciddi təsir göstərmir. Bu amil ümumi bazar dəyərinin çox cüzi hissəsini təşkil edir. Əsas məsələ mənzilin normal və fasiləsiz istiliklə təmin olunmasıdır”.


