Azərbaycanda ailələrin xərcləmə vərdişləri və gündəlik xərcləri sürətlə dəyişir. Qiymət artımı, gəlirlərin dəyişməsi və şəhərləşmə bu prosesə birbaşa təsir edir. İqtisadi amillər ailələrin büdcə planlamasını yenidən qurmağa məcbur edir. Bu vəziyyət gələcəkdə istehlakçıların davranışlarında yeni meyillərin yaranacağını göstərir.
Məsələ ilə bağlı iqtisadçı İlqar Hüseynli Demokrat.az-a bildirib ki, əhalinin əsas istehlak ehtiyacları əvvəlki kimi qalıb:
"Mən deməzdim ki, tələbatda ciddi artım var, belə deyil. Əsas dəyişiklik istehlak xərclərinin artmasıdır.
Məsələn, bir ailə ay ərzində əvvəllər 3 kq yağ və 3 kq ət istehlak edirdisə, indi də həmin həcm demək olar ki, dəyişməyib. Amma qiymətlərin bahalaşması fonunda istehlak səbətinin dəyəri kifayət qədər artıb.
Yəni istər ərzaq məhsullarında, istər tikinti materiallarında, istərsə də mənzil qiymətlərində ciddi artım baş verib. Eyni zamanda kommunal xidmətlərdə də bahalaşma müşahidə olunur. Məsələn, bir-iki il əvvəl internet xidmətinin aylıq ödənişi 15–20 manat civarında idisə, indi dövlət xətti ilə təqdim olunan internet 27 manatdır. Özəl operatorların, məsələn, KATV və digərlərinin xidmətləri isə təxminən 31 manatdır. Halbuki əvvəllər bu qiymətlər 15–17 manat civarında dəyişirdi. Nəticə etibarilə, eyni istehlak səbətinin həcmi dəyişməsə də, qiymət artımları onun dəyərini ötən illə müqayisədə təxminən 40 faiz artırıb", - deyə o qeyd edib.
Beləliklə, qiymətlərin bahalaşması səbəbindən ailələr eyni miqdarda məhsul və xidmət üçün indi daha çox pul xərcləmək məcburiyyətində qalırlar.


