Siyasət

Qarabağa qayıtmaqdan imtina edənlər də məcburi köçkün statusunu itirəcək

Qarabağa qayıtmaqdan imtina edənlər də məcburi köçkün statusunu itirəcək

Qarabağa qayıtmaqdan imtina edənlər məcburi köçkün statusunu itirəcək.

Demokrat.az Xitab24.az-a istinadən xəbər verir ki, bu məsələ Milli Məclisinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Məsələ burasındadır ki, qüvvədə olan qanunvericiliyə görə, məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya əvvəlki yaşayış yerinin əvəzinə həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, eyni zamanda dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə statusunu itirir.

Bundan sonra isə vətəndaş həm də yuxarıda qeyd edilən yaşayış yerlərindən imtina etdikdə bu statusunu itirmiş olacaq.

Keçid müddəasına əsasən, bu qanun qüvvəyə mindiyi tarixədək əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilmiş məcburi köçkünlərin məcburi köçkün statusu bu Qanun qüvvəyə mindiyi tarixdən itirilir.

Yeni təklifə əsasən şəxs yaşadığı regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvvəlki yaşayış yerinin əvəzinə təmin ediləcək, bununla da dövlət tərəfindən yeni yaşayış sahəsinin verilməsi vətəndaşın mülkiyyət hüququnun tam bərpasına xidmət edəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Demokrat.az

D
demokrat.az