Mərkəzi Bankın kredit risklərinin idarə edilməsi qaydalarına etdiyi dəyişikliklər məsafədən maliyyə xidmətləri sahəsində təhlükəsizliyin artırılması və istehlakçı hüquqlarının daha effektiv qorunmasına yönəlib. Bu ilin oktyabr ayından qüvvəyə minəcək yeni qaydalara əsasən, vətəndaşlara məsafədən istehlak krediti müqavilələrinin bağlanmasına və kredit limitlərinin artırılmasına qarşı könüllü məhdudiyyət tətbiq etmək imkanı yaradılacaq.
Mövzu ilə bağlı bank mütəxəssisi Emin Kərimov Demokrat.az-a bildirib ki, burada bir çox risk var idi:
“Ən əsas risklər təhlükəsizlik baxımından idi, yəni müştərilər üçün təhlükəsizlik riskləri mövcud idi. Banklar üçün isə reputasiya riski, yəni bankın adının mənfi hallarla hallanması var idi. Hazırda bu sistemin bu formada tənzimlənməsi, təhlükəsizlik meyarlarının gücləndirilməsi və əlavə tədbirlərin görülməsi həm vətəndaş, həm də müştəri üçün ilk növbədə məlumatların oğurlanmaması baxımından önəmlidir. Onlayn kreditlərdən istifadə zamanı, ümumiyyətlə, şəxsin məlumatlarından istifadə olunarkən və ya kiberdələduzluq hücumlarına məruz qalarkən daha məlumatlı olması vacibdir”.
O qeyd edib ki, banklar üçün isə bu, nüfuz göstəricisinin artması deməkdir və reputasiya riskinin azalması ilə səciyyələnir:
“Əgər əvvəllər hər hansı bank onlayn kredit xidməti göstərirdisə, bəzi hallarda şəxsi məlumatlar şəxsin xəbəri olmadan istifadə edilərək onlayn kreditlər rəsmiləşdirilə bilirdisə, hazırda bu risklər minimuma enəcək. Bu da bankların onlayn kreditlər üzrə risklərini aşağı salacaq və həmin məhsula tələbatın daha da artmasına səbəb olacaq. Bu infrastruktur artıq mövcuddur. Tələb olunan mexanizmlər isə bu qanun və qaydalar əsasında kredit sisteminə əlavə olunacaq.
Eyni zamanda, vətəndaşlar öz onlayn kredit imkanlarını, faktiki mövcud kredit limitlərinin artırılmasını da özləri idarə edə biləcəklər. Bu, onların şəxsi qərarından asılı olacaq və nəzarətin təmin edilməsi üçün yaxşı, işlək mexanizm rolunu oynayacaq. Bu baxımdan qərar vaxtında və düzgün verilib, təqdirəlayiq qərardır”.
Beləliklə, yeni qərar sayəsində vətəndaşlar kiberfırıldaqçılardan qorunmaq üçün öz onlayn kredit imkanlarını dondura biləcəklər.


