Sosial Özəl

Belə paylaşımlar edənlər işə götürülmür — Açıqlama

Belə paylaşımlar edənlər işə götürülmür — Açıqlama

Sosial şəbəkələr insanların gündəlik həyatında mühüm yer tutur. İnsanlar sosial şəbəkələrdən müxtəlif məqsədlərlə istifadə edir. Kimi burada dostları ilə əlaqə saxlayır, kimi dünyada baş verən hadisələri izləyir, kimi də məzmun paylaşaraq, kontent yaradaraq gəlir əldə edir. Sosial media hesablarında paylaşılan məlumatlar isə bəzən şəxsin peşəkar fəaliyyəti ilə yanaşı, şəxsi baxışları və həyat tərzi haqqında da fikir formalaşdırır. Bu səbəbdən bəzi işəgötürənlər namizədləri daha yaxından tanımaq üçün onların sosial şəbəkə hesablarına nəzər salırlar.

İnsan resursları meneceri Röyal Əhmədov Demokrat.az-a açıqlamasında deyib ki, son illərdə sosial şəbəkələr insanların yalnız şəxsi ünsiyyət vasitəsi deyil, həm də peşəkar imicini formalaşdıran platformaya çevrilib:

Belə paylaşımlar edənlər işə götürülmür — Açıqlama

“Bu səbəbdən bir çox işəgötürən namizəd haqqında daha dolğun təsəvvür əldə etmək üçün onun sosial media hesablarına da nəzər yetirə bilir. Əlbəttə ki, işə qəbul zamanı əsas meyar namizədin bilik və bacarıqları, iş təcrübəsi və müsahibədə göstərdiyi performansdır. Lakin sosial şəbəkələrdəki paylaşımlar da bu ümumi təəssürata müəyyən dərəcədə təsir edə bilər. Əgər namizəd sosial şəbəkələrdə təhqiramiz ifadələr paylaşır, nifrət nitqindən istifadə edir, etik normalara zidd davranışlar nümayiş etdirir və ya işlədiyi şirkət haqqında məxfi məlumatlar paylaşırsa, bu, işəgötürəndə mənfi fikir yarada bilər. Çünki hər bir şirkət öz nüfuzunu və korporativ dəyərlərini qorumağa çalışır”.

O bildirib ki, sosial media düzgün istifadə edildikdə namizəd üçün üstünlüyə də çevrilə bilər:

“Məsələn, peşəkar biliklərin paylaşılması, əldə olunan sertifikatlar, iştirak edilən təlimlər, sosial layihələr və ya sahə üzrə faydalı kontent namizədin inkişaf etməyə açıq və aktiv biri olduğunu göstərə bilər. Burada vacib bir məqamı da qeyd etmək lazımdır. İşəgötürən namizədin şəxsi həyatına müdaxilə etməməli, onun qanunla qorunan şəxsi hüquqlarına hörmətlə yanaşmalıdır. Qiymətləndirmə yalnız iş mühiti və peşəkar davranış baxımından əhəmiyyət kəsb edən məlumatlara əsaslanmalıdır. Namizədin siyasi baxışına, dini inancına və ya şəxsi həyat tərzinə görə ayrı-seçkiliyə yol verilməsi doğru deyil və qanunvericiliyin tələblərinə də zidd ola bilər.

Mən namizədlərə hər zaman tövsiyə edirəm ki, sosial şəbəkə hesablarına "rəqəmsal vizit kartı" kimi yanaşsınlar. Çünki bu gün ilk təəssürat təkcə CV ilə deyil, bəzən internetdə və sosial mediada formalaşır. Paylaşımlarınız sizin dəyərlərinizi, ünsiyyət mədəniyyətinizi və peşəkarlığınızı əks etdirə bilər. Sosial media təkbaşına işə qəbul qərarını müəyyən etmir. Amma düzgün idarə olunmadıqda mənfi, peşəkar şəkildə istifadə edildikdə isə müsbət təsir göstərə və namizədin üstünlük qazanmasına kömək edə bilər. Bu səbəbdən hər bir paylaşım etməzdən əvvəl onun gələcək peşəkar imicinizə necə təsir göstərə biləcəyini düşünmək faydalıdır”.

Leyla Turan

D
demokrat.az