Yumurta dünyanın ən çox istehlak edilən qidalarından biridir. Mütəxəssislər bildirirlər ki, bir ay ərzində hər gün yumurta yemək orqanizmdə bir sıra müsbət dəyişikliklər yarada bilər.
Demokrat.az xəbər verir ki, yumurta yüksək keyfiyyətli zülal, vitamin və minerallarla zəngindir. Həkimlərin sözlərinə görə, bu qida uzun müddət toxluq hissi yaradır və gün ərzində həddindən artıq qida qəbulunun qarşısını almağa kömək edir.
Mütəxəssislər qeyd edirlər ki, yumurtanın tərkibində olan xolin maddəsi beyin fəaliyyətinin dəstəklənməsində mühüm rol oynayır. Bu maddə yaddaşın, diqqətin və sinir sisteminin normal fəaliyyətinə müsbət təsir göstərə bilər.
Bundan əlavə, yumurtada olan lutein və zeaksantin kimi antioksidantlar göz sağlamlığının qorunmasına kömək edir. Araşdırmalara görə, bu maddələr yaşla bağlı bəzi görmə problemlərinin riskini azaltmağa yardım edə bilər.
Həkimlər vurğulayırlar ki, yumurta faydalı qida olsa da, onun qəbulu balanslı qidalanmanın bir hissəsi olmalıdır. Xüsusilə ürək-damar xəstəlikləri və ya yüksək xolesterin problemi olan şəxslər gündəlik qidalanma rejimini həkimlə məsləhətləşərək müəyyənləşdirməlidirlər.
Mütəxəssislərin fikrincə, sağlam insanlar üçün gündə bir yumurta əksər hallarda təhlükəsiz hesab olunur və sağlam qidalanma rejiminə daxil edilə bilər.
Demokrat.az


