Həkimlər yay mövsümündə düzgün qidalanmanın dərinin sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər.
Demokrat.az xəbər verir ki, onların sözlərinə görə, beta-karotinlə zəngin qidaların müntəzəm istehlakı dərinin ultrabənövşəyi (UV) şüalara qarşı müqavimətini artıraraq günəş yanığı riskini azalda bilər.
Mütəxəssislər yay aylarında yerkökü, balqabaq, ispanaq, müxtəlif göyərtilər, ərik və şaftalının qida rasionunda yer almasını tövsiyə edirlər. Bundan əlavə, qoz-fındıq, avokado və paxlalı bitkilər də dərinin sağlamlığını dəstəkləyən məhsullar arasında göstərilir.
Həkimlər günəş vannası qəbul etmək üçün səhər və axşam saatlarının daha əlverişli olduğunu qeyd edirlər.
Bununla yanaşı, mütəxəssislər xəbərdarlıq edirlər ki, sağlam qidalanma günəşdən qoruyucu vasitələrin istifadəsini əvəz etmir. Açıq havada olarkən dərini zərərli günəş şüalarından qorumaq üçün SPF tərkibli kremlərdən istifadə etmək vacibdir.
Demokrat.az


