Sosial Özəl

"Asfalt işləri gecə və ya səhər saatlarında görülə bilər"

Asfalt işləri gecə və ya səhər saatlarında görülə bilər

İsti hava şəraiti iş mühitində həm təhlükəsizlik, həm də məhsuldarlıq məsələsini gündəmə gətirir. Temperaturun yüksəlməsi bir çox ölkədə iş saatlarının yenidən tənzimlənməsi və əlavə fasilələrin tətbiqi ilə bağlı müzakirələri gücləndirir. Dünya təcrübəsi isə göstərir ki, ekstremal istilərdə iş rejiminin dəyişdirilməsi işçi sağlamlığının qorunması üçün vacib addımlardan biri hesab olunur. Azərbaycanda bu məsələ necə tənzimlənir?

Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı Demokrat.az-a bildirib ki, iş şəraiti və temperatur normalara uyğun olmalıdır və dünyanın bir çox ölkələrində bu qanunla tənzimlənir:

"Azərbaycanda Əmək Məcəlləsinin 233-cü maddəsinə görə, 41 dərəcə və daha yüksək temperaturda işçilərin açıq havada və ya sərinləşdirici qurğular olmayan binalarda işlədilməsi qadağandır. Yəni, temperatur 41 dərəcəni keçdikdə çöl şəraitində iş dayandırılmalıdır. Eyni qayda sərinləşdirici və ya ventilyasiya sistemi olmayan qapalı məkanlara da aiddir. Bu, insan sağlamlığı üçün ciddi risk yaradan vəziyyətdir və norma olaraq da belə tənzimlənməlidir. Lakin praktikada bu qaydaya hər zaman əməl olunmur.

Hər il iyul və avqust aylarında temperatur 42, 43, hətta 45 dərəcəyə qədər yüksəldikdə belə tikinti, asfalt çəkilişi və digər açıq hava işləri davam edir. Xüsusilə belə şəraitdə asfalt işləri ikiqat ağır və təhlükəli olur. Digər sahələrdə də oxşar vəziyyət müşahidə edilir".

O bildirib ki, bəzi hallarda bu mövzu ictimailəşdirildikdən sonra tədbirlər görülür, lakin gündəmə gəlmədikdə nəzarət zəifləyir:

"Bu səbəbdən Əmək Müfəttişliyi və digər aidiyyəti qurumlar məsələyə daha ciddi yanaşmalıdır. Xüsusilə özəl şirkətlərdə bu qaydaların pozulması daha çox müşahidə olunur və işçilərin təhlükəsizliyi təmin edilməlidir. Çünki bu cür şəraitlər insan həyatı üçün birbaşa təhlükə yaradır və ölüm halları ilə nəticələnə bilər. Dünyanın bir çox ölkəsində yalnız işləmə zamanı deyil, ümumiyyətlə istilər səbəbindən belə ölüm halları qeydə alınır.

Ona görə də bu məsələyə ciddi nəzarət olmalıdır. Vətəndaşlar da bu halları ictimailəşdirməlidir. Bəzən aidiyyəti qurumlar pozuntulardan xəbərsiz olur. İşçilər özləri şikayət edə bilər, jurnalistlər isə məsələni daim gündəmdə saxlamalıdır.

Azərbaycanda yüksək temperatur adətən ildə bir neçə gün olur. Belə günlərdə işin dayandırılması və ya iş qrafikinin dəyişdirilməsi mümkündür. Məsələn, asfalt işləri gecə və ya səhər saatlarında görülə bilər. Günün ən isti saatlarında işlərin müvəqqəti dayandırılması və ya qrafikin dəyişdirilməsi daha təhlükəsiz olar.

Bu məsələ birbaşa insan həyatı ilə bağlıdır və ciddi nəzarət tələb edir. Qanun mövcuddur, əsas məsələ onun icrası və ictimai nəzarətin gücləndirilməsidir", - deyə o qeyd edib.

Əfsanə Kamal

D
demokrat.az